8 mart Beynəlxalq Qadınlar Günüdür. Bu günün tarixi 1857-ci il martın 8-də Nyu-Yorkda toxucu qadınların sosial tələbli aksiyası ilə bağlıdır. 1910-cu ildə Kopenhagendə qadınların beynəlxalq konfransında alman sosialisti Klara Setkinin təşəbbüsü ilə bu tarixin “Beynəlxalq qadınlar günü” kimi qeyd edilməsi qərara alınıb. Yaranma tarixinə, uzun illər daşıdığı tarixi-ideoloji özəlliklərə rəğmən 8 Mart dünyanın böyük bir qisminin qəbul etdiyi, Birləşmiş Millətlər Təşkilatının da rəsmiləşdirdiyi (1975) bayramdır.

BMT 2019-cu ildə Beynəlxalq Qadınlar Gününün mövzusunu “Bərabərlik barədə düşünmək, uzaqgörənliklə yaratmaq, dəyişikliklər məqsədilə yeni metodlar hazırlamaq” kimi elan edib.

BMT-nin baş katibi Antonio Quterreş bu münasibətlə etdiyi müraciətdə bildirib: “Gəlin, Beynəlxalq Qadınlar Günündə elə edək ki, qadınlar və qızlar həyatımıza birbaşa təsir edən siyasət, xidmətlər və infrastruktur sahələrində həlledici söz sahibi olsunlar”. BMT hesab edir ki, innovasiya və texnologiyaların geniş imkanları mövcuddur, lakin tendensiyalar cinslər arasında artan rəqəmsal bərabərsizlikdən xəbər verir. Bundan başqa, elm, texnologiya, mühəndislik, riyaziyyat və dizayn sahələrində qadınlar yetərincə təmsil olunmayıb. Bu, gender aspektləri baxımından innovasiyalar hazırlamaqda və onlara təsir göstərməkdə, cəmiyyət üçün transformasiyalı faydalar əldə etməkdə nailiyyətlər qazanılmasına mane olur.

BMT-nin məlumatında deyilir: “İnnovasiya və texnologiyaların qadınlar və qızlar üçün daha inklüziv sistemlərin qurulmasında, dayanıqlı inkişaf hədəflərinə və gender bərabərliyinə nail olmaq üçün effektiv xidmət və dayanıqlı infrastrukturun sürətləndirilməsində görünməmiş imkanlar yaradacağı bir gələcək inşa etmək məqsədilə 2019-cu il martın 8-də bizə qoşulun”.

Yeri gəlmişkən, Azərbaycanda 8 Martın qeyd edilməsi ənənəsi sovetlər dövründə, ötən əsrin 20-ci illərində yaranıb. 1966-cı ildən isə keçmiş SSRİ-də, o cümlədən respublikamızda bu gün rəsmi bayram (qeyri-iş günü) kimi qeyd olunmağa başlanıb.

Dövr, zaman, ictimai-siyasi sistem və quruluşlar dəyişsə də, 8 Mart  bütün xanımların – evdə ana və bacıların, ailədə xanımların, qız övladlarımızın, işdə xanım həmkarlarımızın sevimli bayramıdır.

Əziz xanımlar, bayramınız mübarək!