Ölkə rəhbərliyinin təşəbbüsü və xüsusi diqqəti sayəsində respublikamızda son illərdə könüllülük fəaliyyəti geniş yayılmaqdadır. Vətəndaş cəmiyyətinin əsas göstəricilərindən biri olan könüllülük fəaliyyəti dövlət idarəçilik sisteminin bütün istiqamətlərini əhatə etməklə istedadlı gənclərin inkişafı üçün əlavə imkanlar yaradır.

Mədəniyyət sahəsi üzrə könüllülük fəaliyyətinin sistemli şəkildə təşkili məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Nazirliyin sistemində fəaliyyət göstərən qurumların potensialından istifadə edərək respublikamızda keçirilən mədəni tədbirlərin təşkilinə bu sahəyə maraq göstərən gənclərin yaxından cəlb olunması planlaşdırılır. “ASAN Könüllüləri” ilə əməkdaşlıq şəraitində təşkil olunacaq fəaliyyət çərçivəsində birinci mərhələdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri bu prosesə cəlb ediləcəklər.

Nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev və “ASAN Xidmət”in Könüllülərlə iş üzrə bölməsinin rəhbərliyinin görüşündə bu istiqamət üzrə fəaliyyətin əlaqələndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Nazirlik tərəfindən mədəniyyət sahəsi üzrə könüllülük fəaliyyətinin inkişafı məqsədilə müvafiq stimullaşdırıcı sistemin hazırlanması da planlaşdırılır.