Azərbaycanın Fransadakı səfirliyində dünya şöhrətli muğam ifaçısı, Xalq artisti Alim Qasımovun yeni diskinin təqdimatı keçirilib.

Mərasimdə çıxış edən səfir Rəhman Mustafayev bildirib ki, muğam Azərbaycan milli musiqisinin özəyi, cövhəri olmaqla tariximizi, dilimizi, ənənələrimizi, ədəbiyyat və fəlsəfəmizi özündə əks etdirir. Bildirilib ki, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycan muğamı bu gün sənət kimi inkişafının yeni mərhələsini yaşayır. XX əsr simfonik və caz muğamlarının müasirləşməyə doğru istiqamət götürməsi ilə yadda qalıb.

Alim Qasımovun Azərbaycan muğamının böyük ustadı olduğunu vurğulayan diplomat onu səfirlikdə görməkdən məmnun olduqlarını deyib. Alim Qasımovun Yo-Yo Ma, Jeff Buckley, fransız DJ David Vendetta ilə birlikdə böyük layihələrdə iştirak etdiyi diqqətə çatdırılıb.

Vurğulanıb ki, muğam ustadının böyük fransız musiqiçi Mişel Qodard ilə son layihəsi incəsənətin və musiqinin ağlasığmaz gücünü və sərhədlərini aşaraq, xalqları və mədəniyyətləri yaxınlaşdırdığını aydın şəkildə əks etdirir.

Sonra fransız etnomusiqişünası Jan Dürinq muğam ustadı Alim Qasımovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. O, Azərbaycan mədəniyyəti və musiqisi haqqında danışaraq A.Qasımov kimi istedadlı musiqiçilərin tanınmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük xidmətləri olduğunu qeyd edib.

Fransız musiqişünas Dağlıq Qarabağın Azərbaycan mədəniyyətinin, eləcə də muğamının beşiyi olduğunu vurğulayaraq Azərbaycan musiqisinin tarixinin Şuşada yazıldığını diqqətə çatdırıb. O, müstəqilliyimizin bərpasından sonra muğamın yenidən canlandırılmasından, Bakıda “Muğam dünyası” beynəlxalq festivalının keçirilməsindən, bu festival çərçivəsində gənc muğam ifaçılarının beynəlxalq müsabiqəsinin təşkilindən söhbət açıb.

Sonra FMICA Organizers İnstitutunun nümayəndəsi Gvendelin Lumaret “Yeddi gözəl” musiqi layihəsindən danışıb. “Yeddi gözəl” diskində A.Qasımovun iranlı musiqiçilərlə birgə ifasına çəkilmiş videoklip göstərilib.

Alim Qasımovun imzası ilə diskləri, eləcə də fotoları tədbir iştirakçılarına təqdim olunub.

Qeyd edək ki, martın 20-də UNESCO-da Beynəlxalq Novruz Günü çərçivəsində Alim Qasımovun konserti olacaq.