Aprelin 1-də IV Buktreyler festivalına buktreylerlərin qəbulu başa çatıb. Festivalın təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli bildirib ki, təqdim olunan buktreylerlər festivalın tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra münsiflər heyətinə təqdim ediləcək.

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla onun oxucular arasında təbliğinə istiqamətlənmiş, ən parlaq və tanınan anlarını özündə əks etdirən video-çarx və ya treylerdir.

“Kitabı tanıdın, kitabla tanının” sloqanlı festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Festival Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkilati dəstəyi, Azercell şirkətinin tərəfdaşlığı ilə keçirilir.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az saytından və ya festivalın sosial şəbəkələrdəki səhifələrindən əldə etmək mümkündür.