Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva aprelin 11-də Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb.

Fondda keçirilən görüşdə G.Əfəndiyeva son illərdə həyata keçirilən layihə və tədbirlərdən söz açaraq gələcək planlardan danışıb.

Səfir E.Özoral Azərbaycan və Türkiyə arasında qardaşlıq, tarixi yaxınlıq münasibətlərinə əsaslanan ikitərəfli əlaqələrin daim inkişaf etdiyini bildirərək dünya mədəniyyətinə böyük töhfələr vermiş türkdilli xalqların ortaq zəngin irs, tarix, milli-mənəvi dəyərlər baxımından bir-birinə bağlı olduğunu qeyd edib. Fondun bu dəyərlərin təbliği ilə bağlı gördüyü işləri yaxından izlədiyini deyən diplomat bu istiqamətdə öz dəstəyini göstərməyə hazır olduğunu bildirib.

Söhbət zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə səfirlik arasında əməkdaşlıq, birgə həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.