Azərbaycan

22 iyun 1802 – Şərqşünas, maarifçi Mirzə Kazım bəy (Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu; 1802-1870) anadan olub. Peterburq Universitetində Şərqşünaslıq fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub. 1839-cu ildə “Türk-tatar dilinin qrammatikası” dərsliyini çap etdirib.

22 iyun 1897 – Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov; 1897 – 26.9.1961) Şuşada anadan olub. 1931-ci ildə Milan Konservatoriyasını bitirib. Xalq mahnıları və romansların, operalarda (“Koroğlu”, “Əsli və Kərəm”) baş partiyaların unudulmaz ifaçısı olub. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub, xalq musiqisini öyrənən elmi tədqiqat kabinetini yaradıb.

22 iyun 1924 – Yazıçı Cəlal Bərgüşad (Cəlal Novruz oğlu Cavadov; 1924 - 9.7.1996) Qubadlı rayonunun Qəzyan kəndində doğulub. Əsərləri: “Sıyrılmış qılınc”, “Bozatın belində” və s.

22 iyun 1942 – Musiqiçi, bəstəkar, şair Bəhram Paşa oğlu Nəsibov (1942-1998) Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub. “Xatırla məni”, “Deyin, hardadır”, “Səni qəmli görəndə” və s. populyar mahnıların müəllifidir.

22 iyun 1947 – Şair Eldar Baxış (Eldar Baxış oğlu Ağayev; 1947 - 22.5.1996) Qubadlı rayonunun Diləli Müskanlı kəndində anadan olub.

 

23 iyun 1923 – Ədəbiyyatşünas, şair, tərcüməçi Qasım Xansuvar oğlu Qasımzadə (1923 - 28.7.1993) Qubadlı rayonunun Xocamsaxlı kəndində anadan olub.

23 iyun 1925 – Xalq artisti, rejissor Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova (1925-2017) anadan olub. Dövlət Rus Dram Teatrında işləyib. Teletamaşalara quruluş verib.

 

24 iyun 1939 – Cənubi Azərbaycan yazıçısı Səməd Behrəngi (1939 – 31.8.1968) Təbrizdə anadan olub. Azərbaycan nağıllarını fars dilinə tərcümə edərək nəşr etdirib.

24 iyun 1955 – Tanınmış jurnalist, ictimai xadim Nəcəf Adil oğlu Nəcəfov (1955 - 17.12.1999) Bakıda doğulub. Ali Sovetin deputatı (1990-1995) olub.

24 iyun 1985 – Əməkdar artist Məcidova Süsən Hacı Aslan qızı (1916-1985) vəfat edib. 1933-cü ildən Gənc Tamaşaçılar Teatrında çalışıb, filmlərdə çəkilib.

 

Dünya

 

22 iyun 1887 – İngilis filosofu, UNESCO-nun ilk baş direktoru Culian Haksli (Julian Sorell Huxley; 1887-1975) anadan olub.

22 iyun 1898 – Alman yazıçısı Erix Maria Remark (Erich Maria Remarque - Erich Paul Remark; 1898-1970) anadan olub. Romanları: “Qərb cəbhəsində dəyişiklik yoxdur”, “Zəfər tağı”, “Yaşamaq və ölmək zamanıdır” və s.

22 iyun 1906 – Amerika rejissoru, 4 dəfə «Oskar» mükafatı laureatı Billi Vaylder (Billy Wilder; 1906-2002) anadan olub.

 

23 iyun 1889 – Rus şairəsi, yazıçı, ədəbiyyatşünas Anna Andreyevna Axmatova (Qorenko; 1889 – 5.3.1966) anadan olub. Əsərləri: “Rekviyem”, “Qəhrəmansız poema”, “Ağ dəstə” və s.

23 iyun 1901 – Türk yazıçısı Əhməd Hamdi Tanpınar (1901-1962) anadan olub. “Abdullah Əfəndinin yuxuları”, “Aydakı qadın”, “Ayna” və s. romanların müəllifidir.

 

24 iyun 1842 – Amerika yazıçısı Ambroz Birs (Ambrose Gwinnett Bierce; 1842-1914) anadan olub.

24 iyun 1930 – Fransız rejissoru, “yeni dalğa”nın tanınmış nümayəndəsi Klod Şabrol (Claude Chabrol; 1930-2010) anadan olub. “Qəssab”, “Bayquşun çığırtısı” və s. filmləri çəkib.

Hazırladı: Vüqar ORXAN