Azərbaycan Respublikasının sədrlik etdiyi UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ölkəmiz həmçinin komitənin Xüsusi işçi qrupuna (Ad Hoc) da rəhbərlik edib.
Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin ikinci katibi Rəşad Baratlının rəhbəri olduğu işçi qrupda 33 ölkə, UNESCO-nun Dünya İrs Mərkəzi və məşvərət qurumlarının nümayəndələri təmsil olunub. İşçi qrupun gündəliyində nominasiya prosesində islahatlar və əlavə məşvərət xidmətlərinin müzakirəsi məsələləri öz əksini tapıb.
Aparılan müzakirələrin nəticələri Dünya İrs Komitəsinin 43-cü sessiyasına təqdim edilib. Sessiya zamanı nominasiya prosesinin islahatı ilə bağlı önəmli qərarlar qəbul olunub. Bununla əlaqədar olaraq komitənin üzvləri Azərbaycan Respublikasına təşəkkürlərini bildiriblər.