İyulun 27-də Dövlət Turizm Agentliyi, Mədəniyyət Nazirliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quba şəhərində “Regional mətbəx festivalı” keçiriləcək.

Quba şəhərinin Nizami parkında gerçəkləşəcək festivala təşkilatçılığı Quba Destinasiya Menecmenti Təşkilatı və Xaçmaz Regional Mədəniyyət İdarəsi, tərəfdaşlığı isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi edir.

Festivalda “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalar təşkil olunacaq.

Yerli istehsalçılar və turizm sahəsinin peşəkarları öz məhsullarını satış məqsədilə nümayiş etdirəcəklər. Qida, iaşə və məhsul istehsalı sahəsində çalışanlar üçün təlim məqsədli “Master-klaslar” ərazisi xidmət göstərəcək. Uşaqlar üçün isə “Əyləncə parkı” zonası qurulacaq. Həmçinin musiqi nümunələri, rəqslər təqdim olunacaq.