Bakıda Dünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilir. Sentyabrın 12-də işə başlayan tədbirdə Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən nümayəndələr, BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların təmsilçiləri, yerli media qurumlarının rəhbərləri və ekspertlər iştirak edirlər.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açılış sözündə diqqətə çatdırıb ki, Dünya Mətbuat Şuraları Assosiasiyası 1992-ci ildə yaradılıb. Qurumun illik toplantılarında media sahəsi ilə bağlı aktual məsələlər müzakirə olunur, problemlərin aradan qaldırılması ilə bağlı təkliflər səsləndirilir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov toplantı iştirakçılarını dövlət başçısı İlham Əliyev və hökumət adından salamlayıb. Qeyd edib ki, Azərbaycan milli mətbuatı yüz ildən artıq bir tarix çərçivəsində müxtəlif inkişaf mərhələlərini keçərək ictimai həyatımızın ayrılmaz tərkib hissəsinə və vətəndaş cəmiyyətinin hərəkətverici qüvvələrindən birinə çevrilib. Əli Həsənov Prezident Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı fərmanla KİV üzərində senzuranın ləğv edilməsi, sonrakı dövrdə kütləvi informasiya vasitələri, informasiyanın əldə olunması, milli teleradio yayımı, informasiya azadlığı və digər sahələrlə bağlı yeni qanunların qəbul olunması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan söz açıb.

Bildirib ki, ölkədə KİV-lərin, xüsusən də yazılı medianın inkişafına mühüm təsir göstərən əsas addımlardan biri də 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul edilməsi və həmin sənədin tələblərinə uyğun olaraq 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması olub. 2009-cu ildən başlayaraq KİV layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən mediaya və jurnalistlərin ehtiyacı üçün on milyonlarla manat vəsait ayrılıb. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamları ilə jurnalistlər üçün çoxmənzilli iki yaşayış binası tikilib istifadəyə verilib, üçüncünün tikintisi davam edir. Ötən illərdə yüzlərlə jurnalist fəxri ad və dövlət mükafatları ilə təltif olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş KİV-lərin ümumi sayı 5000-dən çoxdur. KİV-lərin kəmiyyət göstəricilərinə görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Ölkədə 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal və digər media nümunələri nəşr olunur. 300-ə yaxın xəbər və analitik internet saytı, 20-yə yaxın informasiya agentliyi, rayonlarda və bölgələrdə isə 100-ə yaxın KİV fəaliyyət göstərir. Ölkəmizdə 11 ümumrespublika, 4 peyk, 17 kabel, 25 internet televiziyası və 13 regional televiziya, 14 radio fəaliyyətdədir. 2005-ci ildən İctimai Televiziya və Radio fəaliyyət göstərir. 50-dən artıq jurnalist təşkilatı qeydə alınıb, hazırda 30-dək təşkilat fəaliyyət göstərir. Mətbuat yayımını həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı 23-ə çatıb.

İnternet və sosial şəbəkələrin fəaliyyəti haqqında məlumat verən Əli Həsənov deyib ki, ölkədə internet istifadəçilərinin sayı ümumi əhalinin 80 faizindən çoxdur və bu göstəricilərə görə Azərbaycan dünya ölkələri arasında birinci sıralardadır. Az. domenində qeydiyyatdan keçən internet saytlarının sayı 20 mini ötüb. Eyni zamanda vətəndaşların “Facebook”, “Twitter”, “YouTube”, “İnstagram” kimi sosial şəbəkələrə sərbəst çıxışı təmin edilib. 10 milyon əhalisi olan Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı 3 milyon nəfərdən artıqdır. Hakimiyyət sosial şəbəkələrdə qaldırılan məsələlərə mütəmadi olaraq öz münasibətini bildirir, internetə məlumat mənbələrindən biri kimi yanaşır və ondan istifadə edir.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi deyib ki, son illərdə sosial şəbəkələr ictimai rəyin formalaşmasına təsir imkanlarını artırmağa çalışır. Lakin sosial şəbəkələrin rolunu müsbət xarakterizə edən cəhətlərlə yanaşı, mənfi meyillər də özünü göstərir. Sosial şəbəkələrin meydana gəlməsi bir tərəfdən söz və öz fikrini ifadə etmək azadlığının təmin olunmasında yeni perspektivlər açır. Digər tərəfdən, sosial şəbəkələrlə insan hüquqları arasındakı qarşılıqlı təsir bəzən xoşagəlməz vəziyyət yaradır. Məsələn, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin alçaldılması halları baş verir. Təəssüf ki, bu cür mənfi hallar bəzən transmilli medianın fəaliyyətində də özünü göstərir. Transmilli media qurumlarının verilişlərinin ölkədə yayılmasının müsbət cəhəti bundan ibarətdir ki, əhali dünyada baş verən proseslərlə bağlı operativ məlumatlar əldə etmək imkanı qazanır. Burada özünü göstərən mənfi xüsusiyyət isə ondadır ki, bəzən müxtəlif siyasi dairələrin və yaxud lobbi qruplarının təsiri ilə transmilli media qurumları ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır, obyektivlik və bitərəflik kimi prinsiplərə zidd olaraq qərəzli, subyektiv informasiyalar yayır.

Əli Həsənov çıxışını bu fikirlərlə tamamlayıb: “Azərbaycan hakimiyyəti söz və mətbuat azadlığının, KİV-in inkişafının təmin edilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edir. Azərbaycan hələ 1998-ci ildə Mətbuat və İnformasiya Nazirliyini ləğv edib və mətbuatın dövlət tənzimlənməsindən birmənalı şəkildə imtina edib. Ölkə jurnalistləri öz ümumi toplantılarında vahid ictimai təşkilat olan Mətbuat Şurasını yaradıblar. Bu qurum uğurlu fəaliyyət göstərir və bugünkü möhtəşəm toplantı da bunun əyani sübutudur”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral tədbirdə çıxış edərək iki ölkənin sıx tərəfdaşlığının media sahəsində də inkişaf etdiyini deyib.

BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan üzrə təmsilçisi Rəşad Hüseynov, Avropa Şurasının Bakı ofisinin nümayəndəsi Pərvanə Bayramova və digər çıxış edənlər Dünya Mətbuat Şuraları Assosiasiyasının fəaliyyətindən, müasir medianın üzləşdiyi problemlərdən və qarşısında duran vəzifələrdən bəhs ediblər.

Dünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı sentyabrın 13-də başa çatacaq.