Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Elmi şuranın 2019-2020-ci tədris ilində ilk iclası keçirilib.

ADMİU-nun rektoru, professor Ceyran Mahmudova universitetin professor-müəllim heyətini yeni tədris ili münasibətilə təbrik edərək uğurlar arzulayıb. Rektor sənətşünaslıq üzrə elmlər doktoru, professor İlham Rəhimlini 70 illik yubileyi və Prezident təqaüdünə layiq görülməsi, aktyor-müəllim Vidadi Həsənovu “Xalq artisti” fəxri adı alması münasibətilə təbrik edib.

Tələbələrin uğurlarından söz açan rektor deyib ki, iyulun 26-dan 28-dək Gədəbəydə keçirilən Milli Yaylaq Festivalında ADMİU-nun Rəssamlıq fakültəsinin müəllim və tələbə heyəti də iştirak edib. Dizayn ixtisasına yiyələnən tələbələr Fidan Cəfərova, Teyyub İsgəndərzadə və Günay Rüstəmovanın əsərlərinə festivalda maraq böyük olub. İştirakçılar Mədəniyyət Nazirliyinin sertifikatlarına layiq görülüblər. Rektor fərqlənən tələbələrə sertifikatları təqdim edib.

Tətil müddətində tələbələrin uğurlarının çox olduğunu qeyd edən rektor ADMİU-nun Kino və televiziya fakültəsinin operator sənəti ixtisası üzrə IV kurs tələbəsi Nicat Əhmədovun S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun təşkil etdiyi XI Beynəlxalq Yay Kino Məktəbinin Animasiya seksiyasında iştirakından danışıb. Nicat Əhmədova yay məktəbinin sertifikatı və diplomu təqdim edilib.