Stokholm şəhərinin Şarholmen bələdiyyəsi yerli əhalini müxtəlif xalqların mədəniyyətləri ilə tanış etmək məqsədilə bələdiyyənin mərkəzi meydanında “Xalq festivalı” adlı tədbir keçirib.

“İsveç-Azərbaycan Dərnəyi” (SAF) fəalları da festivala qatılaraq Azərbaycan guşəsini təqdim ediblər. Guşədə Azərbaycanın tarixi, xalqımızın zəngin mədəniyyəti və adət-ənənələri, milli geyimləri haqqında məlumat verilməklə yanaşı, milli şirniyyatlarımız da tədbir iştirakçılarına təqdim olunub.

SAF dərnəyinin milli geyimli üzvləri yerli ictimaiyyət nümayəndələrinə müasir Azərbaycan barədə məlumat xarakterli broşürlər paylayaraq onların ölkəmizlə bağlı suallarını da cavablandırıblar.

Şarholmen bələdiyyəsinin əlaqələndiricisi Anette Manoti Azərbaycan guşəsinə gələrək diaspor nümayəndələrimizin bu tədbirdə iştirakını yaxşı hal kimi qiymətləndirib və SAF dərnəyinin fəalları ilə söhbət edib.