“Prezident tərəfindən qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm”

Oktyabrın 8-də Milli Məclisin növbəti plenar iclasında Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Əli Hidayət oğlu Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə edilib.

İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin parlamentə ünvanladığı təqdimatı oxuyub.

Sədr qeyd edib ki, Baş Nazir Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. Baş Nazir postuna yeni namizəd Əli Əsədov hansı vəzifədə çalışmasından asılı olmayaraq, bilik və bacarığını işə sərf edən, iqtisadi məsələlərə dərindən bələd olan mütəxəssisdir. Əminəm ki, Prezident İlham Əliyevin bu seçimi dövlətimiz, xalqımız üçün uğurlu olacaq.

Milli Məclisin deputatları Əli Əsədovun müsbət insani keyfiyyətlərə, yüksək savada, dərin iqtisadi biliklərə malik, dövlətə və dövlətçiliyə sadiq bir mütəxəssis olması barədə fikirlərini söyləyiblər.

Müzakirələrdən sonra məsələ səsə qoyulub və Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib.

İclasda çıxış edən Əli Əsədov ona göstərilən bu yüksək etimada görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Əli Əsədov qeyd edib ki, müasir Azərbaycan müstəqillik illərində mürəkkəb və şərəfli yol keçib. Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycanı böhran vəziyyətindən qurtarıb və real müstəqilliyimizi inkişaf etdirib. Bu gün Prezident İlham Əliyevin səyi nəticəsində ölkəmiz sürətli inkişaf yolu keçir. Qazanılan möhtəşəm nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin əməyinin nəticəsidir. Bu dövr ərzində ölkəmizdə ümumdaxili məhsul 3,3 dəfə artıb, iqtisadiyyata qoyulan investisiyaların həcmi 270 milyard dollara çatıb, yoxsulluğun səviyyəsi 5 faizə, işsizlik səviyyəsi 4,9 faizə enib. Ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq 49 milyard dollara çatıb. Eyni zamanda, əhalinin sayı 2019-cu ildə 10 milyon nəfərə çatıb. Dövlətimizin başçısının rəhbərliyi ilə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi meqalayihələr gerçəkləşdirilib. Bununla yanaşı, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi bu sahənin də inkişafında ciddi nailiyyətlər qazandırır. Qeyri-neft ümumi daxili məhsulu 2,8 dəfə, qeyri-neft sənayesi isə 2,4 dəfə artıb. Azərbaycan kosmik ailənin üzvü olub.

“Bu gün ölkənin əsas problemi doğma Qarabağımızın işğal altında qalmasıdır. Ermənistan rəhbərliyinin məsuliyyətsiz, populist çıxışlarına Prezident İlham Əliyev tərəfindən layiqli cavab verilib: “Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Qarabağın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün hərbi qüdrətimizin artırılması Prezidentin gündəlik fəaliyyətinin əsas prioritetlərindəndir”, - deyə Əli Əsədov bildirib.

Əli Əsədov deyib ki, son illərdə ölkəmizdə sosial problemlərin həlli istiqamətində böyük uğurlar əldə edilib. Ölkə rəhbərliyi Vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələri, müharibə əlilləri, xüsusi qayğıya ehtiyacı olan şəxsləri, o cümlədən məcburi köçkünləri, ahılları, uşaqları daim diqqət mərkəzində saxlayır. Bu insanlara Birinci vitse-prezident Mehriban Əliyeva məhəbbət və mərhəmətlə dolu qayğı göstərir. Azərbaycanın dayanıqlı və çoxşaxəli inkişafı dövlətin bütün qollarının ahəngdar və bərabər fəaliyyətindən asılıdır. “Bu gün bu yüksək tribunada, Azərbaycan xalqının hüzurunda, hörmətli deputatlar, sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm”, - deyə o bildirib.