Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə Bakıda “Alüminium” VI Beynəlxalq Müasir İncəsənət Biennalesi keçirilir. Noyabrın 21-də Muzey Mərkəzində layihəyə həsr olunan mətbuat konfransı təşkil edildi.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirdi ki, layihənin məqsədi Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq ölkəmizdə müasir incəsənətin inkişafını təbliğ etmək və rəssamların yaradıcılığını dəstəkləməkdir. Biennale çərçivəsində rəngkarlıq, qrafika, heykəltəraşlıq, instalyasiya, videoart, fotoəsərlər, habelə Azərbaycan, Almaniya, Portuqaliya, Rusiya və Gürcüstan rəssamlarının performansları nümayiş olunacaq.

Layihədə Azərbaycan da daxil olmaqla 18 ölkədən rəssamlar iştirak edir. Sərgi-tədbirlər xarici və yerli sənət adamlarının təcrübə mübadiləsinə və əməkdaşlığına vəsilə olacaq. Biennalle çərçivəsində “Müasir incəsənət bu gün: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans da keçiriləcək.

Biennalenin kuratoru Dilarə Vahabova dedi ki, paytaxtın bir sıra mədəniyyət ocaqlarında, o cümlədən V.Səmədova adına sərgi salonu, İçərişəhər, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda sərgilər təşkil olacaq. Bakı biennalesinin əsasının 2003-cü ildə qoyulduğunu deyən D.Vahabova bu dəfə sərgilər, ekspozisiyalar içərisində performansların çox olacağını diqqətə çatdırdı. Kurator daha sonra müəllifləri təqdim etdi və onların layihələri haqqında məlumat verdi.

İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova bildirdi ki, layihə üzrə Şirvanşahlar sarayında təşkil edilən təqdimatlar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır. Bu da təsadüfi deyil. 2018-ci ilin statistikasına görə, bu məkan yarım milyona yaxın ziyarətçi qəbul edib. Biennalenin layihə təqdimatlarının burada keçirilməsi tariximizin təbliği baxımından da əhəmiyyət kəsb edir.

Sonda media nümayəndələrinin sualları cavablandırıldı.