Qətərin Milli Günü münasibətilə dekabrın 16-da bu ölkənin Bakıdakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil edilib. Mərasim Azərbaycan Respublikası və Qətər Dövlətinin himnlərinin səsləndirilməsi ilə başlanıb.

Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Əl Hənzab çıxış edərək iki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Diplomat ölkəsinin bərabərhüquqlu qarşılıqlı əməkdaşlıq prinsipinə söykənən beynəlxalq münasibətlərindən də söz açıb.

Azərbaycan və Qətər hökumətləri arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Milli Gün münasibətilə Qətər xalqını Azərbaycan Prezidenti adından təbrik edib, dost ölkəyə əmin-amanlıq, yüksək rifah və davamlı tərəqqi arzulayıb. Vurğulanıb ki, ölkələrimiz arasında diplomatik əlaqələr 1994-cü ildə qurulub və ötən dövrdə mühüm inkişaf yolu keçib, dövlət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərlər sayəsində daha da möhkəmlənib. Bu səfərlər zamanı əldə edilmiş razılaşmalar  və iqtisadiyyat, mədəniyyət, turizm və digər sahələrdə imzalanan sənədlər ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün güclü zəmin yaradıb.