Mədəniyyət naziri Əbülfəs Qarayev dekabrın 19-da bir sıra ölkələrdəki Azərbaycan icmalarının təmsilçiləri ilə görüşüb.
Görüş Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və onların ölkəmizin ümumi maraqlarının müdafiəsinə cəlb edilməsi məqsədilə həyata keçirilən “Liderliyin İnkişafı Proqramı” layihəsi çərçivəsində gerçəkləşib.
Proqram çərçivəsində Almaniya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstandakı Azərbaycan icmaları nümayəndələrinin ölkəmizə səfəri təşkil olunub.
Əbülfəs Qarayev “Liderliyin İnkişafı Proqramı” layihəsini yüksək qiymətləndirdiyini bildirərək nümayəndə heyətinə uğurlar arzulayıb, bu istiqamətdə aparılan işlərə Mədəniyyət Nazirliyi tərəfindən dəstək göstəriləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, informasiya texnologiyaları vasitəsilə Azərbaycan mədəniyyəti haqqında məlumatların daha geniş auditoriyaya çatdırılması istiqamətində diasporla birgə iş aparılmalıdır.
Ölkəmizdə yeni inkişaf mərhələsində olan yaradıcı mədəniyyət sənayesi sahəsində Almaniya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstanın böyük potensialının olduğunu vurğulayan nazir bu istiqamətdə görülən işlərdə birgə əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Nümayəndə heyəti səmimi qəbula görə Əbülfəs Qarayevə təşəkkürünü bildirib. Görüş təklif olunan layihələr üzrə fikir mübadiləsi ilə davam edib.