Xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir.

Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirib. Onun başçılıq etdiyi tank alayının rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.

Bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Əhəd oğlu Aslanovun 110 illiyi haqqında  29 dekabr 2019-cu il tarixli sərəncamında vurğulanır.

Sərəncamda qeyd olunur ki, bəşəriyyətin yaddaşına ən dağıdıcı müharibə kimi yazılmış İkinci Dünya müharibəsi zamanı faşizm əleyhinə mübarizədə və insanlığın qorxunc nasizm təhlükəsindən xilas edilməsində Azərbaycan xalqının da böyük xidmətləri var. Diqqətə çatdırılır ki, Azərbaycan xalqının Həzi Aslanov kimi cəsur övladlarının xatirəsinin yaşadılması bu gün gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində xüsusi əhəmiyyətə malikdir.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə Həzi Aslanovun 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirməlidir.