MDB iştirakçı dövlətləri arasında “Virtual Mədəni İrs Muzeyi” internet-portalının yaradılması planlaşdırılır. 26-27 fevral tarixində Belarusun paytaxtı Minskdə MDB İcraiyyə Komitəsində quruma üzv dövlətlərin İşçi qrupu tərəfindən portal haqqında əsasnamə layihəsinin hazırlanması ilə bağlı iclas keçirilib.

İclasda Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun aparıcı məsləhətçisi Afaq Şirəliyeva iştirak edib.

“Virtual Mədəni İrs Muzeyi” portalını yaratmaq təşəbbüsü Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə məxsusdur. Layihənin məqsədi MDB ölkələrinin maddi və qeyri-maddi mədəni irsini hazırlanacaq portalda vahid virtual muzey altında birləşdirərək mədəni irs obyektlərinin, muzey eksponatlarının, sərgi stendlərinin virtual panoramlarının (3D, dairəvi panoram, 360 dərəcə foto panoram) yaradılmasıdır. Təşəbbüs MDB məkanında mütəxəssislər tərəfindən dəstəklənib.

İclasda təklif olunan konsepsiya layihəsinin genişləndirilərək “MDB İştirakçı Dövlətlərin Virtual Mədəni İrs Muzeyi” internet-portalında bölmələr yaratmaqla hazırkı milli internet resurslarına bağlantı və keçidlərin (banerlərin) yerləşdirilməsi barədə razılıq əldə olunub.

“Virtual Mədəni İrs Muzeyi” internet-portalının tərtibatını və inzibatçılığını Özbəkistan tərəfi öz üzərinə götürməyə hazır olduğunu bildirib.

İclasda həmçinin portalın idarə olunması formatının, virtual muzey fondunun yaradılması prinsiplərinin müəyyənləşdirilməsi, internet-portalın quruluşu və dizaynının, məzmunun doldurulması qaydasının və texniki tələblərin hazırlanması məsələlərinin daha da geniş öyrənilməsi və təkliflərin hazırlanması qərara alınıb.

Bununla əlaqədar işçi qrupunun növbəti iclasının may ayında keçirilməsi planlaşdırılır.