Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən mədəniyyət işçilərində müasir peşə təfəkkürü və səriştəsinin formalaşmasına xidmət edən “Bölüşərək zənginləşək” şüarı altında ixtisasartırma kurslarının ikinci mərhələsinə start verilib.

MEMİM-dən bildirilib ki, bu mərhələdə mədəniyyət müəssisələrinin rəhbərləri və işçiləri tətbiqi biliklərlə yanaşı, bacarıq və kreativ peşə səriştələri əldə edəcəklər. Yeni tədris modullu ixtisasartırma kurslarının, ustad dərslərinin və səyyar təlimlərin növbəti mərhələsi Ağstafa, Kürdəmir, Ağdaş, Sabirabad rayonlarında təşkil olunacaq. Ağstafa rayonu “Muzey işi” və “Heydər Əliyev mərkəzləri”, Ağdaş və Sabirabad rayonları “Mədəniyyət evləri və klub işi” və Kürdəmir rayonu “Kitabxana fəaliyyəti üzrə” ixtisaslaşmış təlim bazaları olaraq seçilib.

Xatırladaq ki, kursların 1-ci mərhələsi 2019-cu ildə başa çatıb. Çətinlik dərəcəsinə görə beş səviyyədən ibarət olan ixtisasartırma kurslarının birinci səviyyəsinə ali təhsili olmayan mədəniyyət işçiləri cəlb olunub. Yeni formatlı kursların ilk məzunlarına beynəlxalq standartlı sertifikatlar təqdim edilib. Sertifikatlarda dinləyicilərin layiq olduqları qiymətlər ilə yanaşı, kurs nəticəsində əldə etdikləri bilik və səriştələr, kursun ümumi məzmunu, yerli və beynəlxalq tərəfdaşlar, habelə təlimçilər haqqında məlumatlar öz əksini tapıb.