Gürcüstanın Marneuli rayonundakı görkəmli ictimai-siyasi xadim, ədib, maarifçi Nəriman Nərimanovun adını daşıyan park yenidən qurulur. Abidənin yerləşdiyi parkda və Nərimanovun büstü üzərində təmir-bərpa işlərinə başlanılıb.

Marneuli şəhərinin meri Zaur Darğallı bildirib ki, xüsusilə də şəhər mərkəzindəki küçə və parkların, görkəmli şəxsiyyətlərin bu parklardakı abidələrinin bərpası və təmirinə başlanılıb. Artıq bir neçə park yenilənib və təmir olunub. Həyata keçirilən layihədə Marneulinin mərkəzindəki N.Nərimanov adına parkın və böyük ədibin abidəsinin bərpası da nəzərdə tutulub.

“Abadlıq, təmir-bərpa işlərindən sonra park əhalinin istirahət mərkəzinə çevriləcək və böyük ədibin 150 illik yubileyinə əsl hədiyyə olacaq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Nərimanovun abidəsi 1980-ci ildə ucaldılıb.