Misirin “Əl-Axbar” qəzetində mühüm ixtiralara imza atmış üç gəncin uğurlarından bəhs edilib. Məqalədə Azərbaycan əsilli, Qahirədə dünyaya gəlmiş 15 yaşlı Sandi Səlimin danışma və eşitmə qüsurlu insanlar üçün ixtira etdiyi cihaza geniş yer verilib. Bu aparat onlara rahat ünsiyyət qurmağa imkan verir.

Sandi Misirdə keçirilən gənc ixtiraçıların müsabiqəsində ikinci yeri tutub. Qahirə şəhərinin meri martın 9-da qalibləri qəbul edərək onlara uğurlar arzulayıb.

Gənc soydaşımız AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində bildirib ki, onun ailə üzvləri doğma Azərbaycanla bağlı tədbirlərdə fəal iştirak edirlər. Sandi məşhur müğənni Sami Yusufun məzun olduğu “British Music Academy”də magistr səviyyəsində musiqi təhsili də alıb, dəfələrlə mahnı müsabiqələrində iştirak edib, Misirin “Nil Mədəniyyət” telekanalında “Sarı gəlin” mahnısını ifa edib.

O, bu yaxınlarda Azərbaycanın Misirdəki səfirliyində təqdimatı olmuş “Xocalı soyqırımı və itirilmiş ədalət” filmində Xocalıdan olan qız obrazını canlandırıb. Gənc soydaşımız rəssamlıqla da məşğul olur. Qahirədə üç fərdi sərgisi keçirilib.

İstedadlı gənc bildirib ki, arzusu tibb mütəxəssisi olmaq və xalqını ləyaqətlə təmsil etməkdir.