Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı – UNESCO arasında “Təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi”nə dəyişiklik haqqında 2020-ci il yanvarın 28-də Paris şəhərində imzalanmış Protokol təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı martın 26-da fərman imzalayıb. Fərmanda  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə sözügedən Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə UNESCO-ya bildiriş göndərmək tapşırılıb.

Xatırladaq ki, UNESCO ilə əməkdaşlığa dair Çərçivə Sazişi 2013-cü il iyulun 18-də Parisdə imzalanıb. Sazişi Azərbaycan tərəfdən Mədəniyyət naziri Əbülfəs Qarayev imzalayıb. Bu ilin yanvarında sənədə edilən dəyişikliyə əsasən, onun müddəti 5 il müddətinə  uzadılıb.