Aprelin 14-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş həftə çərçivəsində növbəti seminar keçirilib. “Dünyada ortaq türk mirası” adlı seminarda qədim türk-islam abidələri, eləcə də Monqolustanda yerləşən Göytürk abidələri haqqında danışılıb.

Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Fariz Xəlillinin moderatorluğu ilə keçirilən seminarda Gürcüstandan “Salam” platformasının rəhbəri Elnur Əlisoy, Monqolustan Elm və Texnologiya İqtisad Universitetinin əməkdaşı Adil Yılmaz məruzələrlə çıxış ediblər. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.