COVİD-19 virusu, həqiqətən, qlobal miqyasda yayılıb. Siz və Sizin Şura bizimlə sıx əməkdaşlıq edirsiniz. Bu əməkdaşlıq xəstəxanaların imkanları, humanitar yardım, testlər, elmi, texniki biliklərin mübadiləsi, tibbi və texniki dəstək məsələlərini əhatə edir. Bu, sərhədaşırı əməkdaşlıq nümunəsidir. Pandemiyaya qarşı səmərəli mübarizə aparmaq üçün bizə bu lazımdır.

Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da videokonfrans rejimində keçirilən Zirvə görüşü zamanı deyib.

Xatırladaq ki, Türk Şurasının fövqəladə Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.

Zirvə görüşü iştirakçılarını salamlayan Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Türk Şurası ölkələrinin həmrəyliyi və birliyi nümunəvi xarakter daşıyır. Bu, onu göstərir ki, hər zaman, çətin günlərdə də bir-birimizin yanındayıq. Dövlət başçısı qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın böyük önəm daşıdığını vurğulayıb.

Görüşdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu  Berdiməhəmmədov, Macarıstanın Baş Naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdad Amreyev çıxış ediblər.

Zirvə görüşünə Cenevrədən qoşulan Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycana səfərini məmnunluqla xatırlayıb, ölkəmizin bu günlər pandemiya ilə mübarizədə rolunu yüksək qiymətləndirib.

“Bu, pandemiyadır. Bu, səhiyyə böhranından da artıqdır. Burada bütün hökumətlər, bütün cəmiyyət fəaliyyət göstərməlidir. Son 100 gündə COVİD-19 göstərdi ki, hətta inkişaf etmiş, zəngin dövlətlər də zərər çəkiblər” – deyən Qebreyesus diqqətə çatdırıb ki, indi ayrı-ayrı ölkələr, o cümlədən Türk Şurası ölkələri pandemiyanın müxtəlif mərhələlərindədir. Lakin epidemiyanın səhiyyə sisteminə, sosial xidmətlərə və iqtisadi fəaliyyətə təsirini minimuma endirmək üçün hamı səyləri artırmalıdır.

Dünya Səhiyyə Təşkilatının baş direktoru bu xüsusda milli strategiyaların 5 əsas sahədə beynəlxalq səviyyədə dəstəklənməsinin vacibliyini vurğulayıb. Buraya vəziyyətə adekvat münasibət bildirmək üçün potensialı artırmaq; epidemioloji təhlili və risklər haqqında informasiyanı təmin etmək; qlobal təchizatı əlaqələndirmək; texniki və ekspert köməyi və hər yerdə tibbi qüvvələri səfərbər etmək; milli və beynəlxalq strategiyaların reallaşdırılması üçün çox ciddi resurslar yaratmaq daxildir.

Baş direktor Dünya Səhiyyə Təşkilatının bu yöndə çağırışına cavab verən bütün ölkələrə təşəkkürünü bildirib və ümumilikdə 800 milyon dollar yardım toplanmasını yüksək qiymətləndirib. O, Azərbaycanın da 5 milyon dollar ianə ayırdığını vurğulayaraq ölkə hökumətinə və Azərbaycan xalqına bu töhfəyə görə təşəkkür edib.

Dünya Səhiyyə Təşkilatının baş direktoru sonda  deyib: “Pandemiyaya son qoymaq üçün, əlbəttə, əməkdaşlığı və qarşılıqlı fəaliyyəti genişləndirmək lazımdır. Siz isə bunu edə biləcəyinizi göstərdiniz. Biz hamımız birlikdə bu vəziyyətə düşmüşük. Biz hələ uzun bir yol keçməliyik. Prezident Əliyevin indicə dediyi kimi, nə lazımdır – həmrəylik və qətiyyət. Biz bu ümumi təhlükəni birlikdə dəf edəcəyik”.