Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı, “British Council Azərbaycan”ın dəstəyi ilə keçirilən “Yeni dudman” müasir dramaturgiya müsabiqəsinə əsərlərin qəbulu vaxtı bir ay – 15 may 2020-ci il tarixinədək uzadılıb.

Eyni zamanda aprel və may aylarında keçirilməsi nəzərdə tutulmuş tədris proqramı koronavirus pandemiyası ilə bağlı tətbiq edilən sosial izolyasiya və karantin rejimi səbəbindən təxirə salınıb. Bununla bağlı vəziyyətdən asılı olaraq yeni tarixlər müəyyən ediləcək.

Müsabiqənin əsas məqsədi teatr sənətinin populyarlaşdırılması, yeni pyes müəlliflərinin aşkar edilməsi, Azərbaycan teatr ənənələri kontekstində ölkədə baş verən yenilikləri əks etdirən dram əsərlərinin yazılmasıdır.

Müsabiqə üç mərhələni – tədris proqramı (yerli və xarici mütəxəssislər tərəfindən iştirakçılar üçün teatr sənətinə dair mühazirə və praktiki seminarların keçilməsi), dram əsərləri müsabiqəsi (pyeslər Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər) və təqdim olunan pyeslərin teatrallaşdırılmış oxunuşunu özündə ehtiva edir.

Pyeslərin teatrallaşdırılmış oxunuşu və müzakirəsindən sonra münsiflər heyəti əsərləri qiymətləndirəcək və üç qalib əsəri seçəcək. Uğur qazanmış pyeslərin 2021-ci ildə dövlət sifarişi ilə teatrlarda tamaşaya qoyulması nəzərdə tutulur.