Amma karantin rejimindən çıxmaq barədə danışmaq hələ tezdir

Koronavirus infeksiyasının yayılması ilə bağlı aprelin 12-dən etibarən ümumən müsbət statistika qeydə alınır. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 15-də keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O deyib ki, aprelin 12-də ilk dəfə müsbət nəticə qeydə alındı. Bu da vəziyyətin sabitliyini göstərir. Sonrakı günlərdə də ümumən müsbət tendensiya var. “Bu, o deməkdir ki, karantin rejiminin nəticələri artıq var. Bu durum bizi ruhlandırır ki, karantin qaydalarına əməl edək”, - deyə İ.Məmmədov bildirib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, sabitləşmənin davam etməsi istiqamətin müsbətə doğru yönəlməsi deməkdir. Lakin karantin müddətinin yaxın vaxtlarda başa çatması və tədrisin bərpa olunması hələlik müzakirə mövzusu deyil. O cümlədən məktəblərdə tədris prosesinin bərpa olunması da karantin rejimindən çıxdıqdan sonra mümkündür.

Mətbuat konfransında TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, Azərbaycanda görülən tədbirlər və tibb işçilərinin fədakarlığı nəticəsində sağalma faizi bir sıra ölkələrlə müqayisədə yüksəkdir. Hazırda ölkəmizdə koronavirusdan sağalma 25 faiz təşkil edir.

R.Bayramlı qeyd edib ki, sağalmış şəxslərin yenidən koronavirusa yoluxması da mümkündür. Lakin onlar xəstəliyi yüngül keçirə bilərlər. Ona görə də arxayınlaşmaq olmaz. O bildirib ki, xəstəliyə yoluxma faktları daha çox 50-60 və 30-40 yaşlı vətəndaşlar arasında qeydə alınır. Qadınlar kişilərə nisbətən daha çox yoluxurlar. Ümumilikdə indiyədək ölkəmizdə koronavirus infeksiyasının müəyyənləşdirilməsi məqsədilə 75 min 397 test icra olunub. Azərbaycan adambaşına əhali sayına görə ən çox test edən ölkələr arasındadır.

***

Mövcud vəziyyətin hər zaman dəyişmə dinamikası baş verə bilər. Bu fikri isə Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 16-da keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu gün qənaətbəxş hesab edilən vəziyyət dəyişə də bilər. Hazırda sanitar-epidemioloji vəziyyət kompleks şəkildə qiymətləndirilir. Karantin rejiminin uzadılması ilə bağlı lazımi və zəruri qərarlar qəbul ediləcək. “Karantin rejiminin aradan qaldırılması avtomatik xarakter daşıya bilməz, birdən-birə əvvəlki həyat tərzimizə qayıda bilmərik”, – deyə o əlavə edib.

Vurğulanıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aidiyyəti tövsiyələr, epidemioloji vəziyyət barədə məlumatlar alındıqdan sonra karantin rejiminin uzadılması ilə əlaqədar qərar qəbul ediləcək: “Karantin rejiminin hansı müddətə uzadılması isə prosesdən asılı olacaq. Situativ analizlər, o cümlədən kompleks qiymətləndirmə də daxil olmaqla, qərarlar qəbul edilə bilər”.

Mətbuat konfransında Rusiyadakı soydaşlarımızın Azərbaycana qayıtması üçün yaradılmış “Evə gedirəm” portalının iş prinsipi də açıqlanıb.

Hikmət Hacıyev bildirib ki, son günlər bəzi vətəndaşlarımızın Samur keçid məntəqəsində aidiyyəti orqanların fəaliyyətinə maneə yaratmaq cəhdləri kimi arzuedilməz hallar baş verib. Ona görə də Rusiyadakı soydaşlarımızın Azərbaycana gətirilməsində növbəlilik yaradılması üçün “Evə gedirəm” portalı yaradılıb. Qarşıdakı günlərdə portal aktiv fəaliyyətə başlayacaq. Bu portal Rusiyadakı soydaşlarımız üçün nəzərdə tutulub. Rusiyadakı soydaşlarımız bu portalda qeydiyyatdan keçəcək və onların növbəlilik ardıcıllığı ilə müəyyən qruplar şəklində ölkəyə keçməsi təmin olunacaq.

Şöbə müdiri diqqətə çatdırıb ki, digər ölkələrdəki Azərbaycan vətəndaşlarının da gətirilməsi üçün çarter reyslərinin həyata keçirilməsi nəzərdə tutulur. Həmin vətəndaşlar yenə də xüsusi karantin zonalarında yerləşdiriləcək, onlardan test nümunələri götürüləcək. Bununla belə, may ayı ərzində da yükdaşımalar istisna ilə, hava əlaqələrinin bərpası nəzərdə tutulmur.

Ölkə daxilində isə uçuşların bərpa olunması məsələsi müzakirə olunur. H.Hacıyev deyib ki, Naxçıvan Ermənistan dövlətinin yürütdüyü siyasət nəticəsində blokadadadır. Pandemiya müddətində Naxçıvandakı vətəndaşların zəruri tələbatının həyata keçirilməsi üçün bütün tədbirlər görülüb. Naxçıvanla Bakı arasında aviauçuşların bərpa olunması məsələsinə baxıla bilər. Amma burada karantin rejimi ilə bağlı vəziyyət də nəzərə alınmalıdır.