İlk dəfə qeyd olunan 15 aprel – Dünya İncəsənət Gününə koronavirus kölgəsi düşdü

UNESCO Baş Konfransının ötən ilin noyabrında Parisdə keçirilən 40-cı sessiyasında beynəlxalq mədəniyyət təqvimi yeni bir gün, 15 aprel – Dünya İncəsənət Günü haqqında qərar qəbul olunmuşdu. Əlamətdar gün incəsənətin inkişafını, yayılmasını və insanlara zövq yaşatmasını təşviq etmək məqsədilə təsis olunub. Lakin bu il birinci dəfə qeyd olunan bayrama koronavirus kölgəsi düşdü.

UNESCO-nun rəsmi saytında bu günlə bağlı yayılan məlumatda qeyd olunur ki, incəsənət, bütün dünyada insanların yaradıcı potensialına, innovasiyalara və mədəni müxtəlifliyə zəmin yaratmaqla bərabər, bilik və bacarıqların mübadiləsində və dialoqun təşviqində mühüm rol oynayır. 15 aprelin “Dünya İncəsənət Günü” kimi qeyd edilməsi bədii yaradıcılıq və cəmiyyət arasında bağların möhkəmləndirilməsinə kömək edir, incəsənət adamlarının davamlı inkişafa töhfələrini bir daha diqqətə çatdırır. Bu, həmçinin məktəblərdə bədii təhsilin vacibliyini, hər kəs üçün ədalətli və inklüziv təhsilin əhəmiyyətini vurğulamaq üçün daha bir imkandır.

Qeyd etmək lazımdır ki, 15 aprel Dünya İncəsənət Günü kimi beynəlxalq mədəniyyət təqviminə yeni düşsə də, əslində, bu günün mədəniyyətlə bağlı bir tarixi var. İndiyədək 15 aprel dünyada qeyri-rəsmi olaraq “Beynəlxalq Mədəniyyət Günü” kimi qeyd olunurdu. Bu tarix isə 1935-ci il aprelin 15-də rusiyalı rəssam, arxeoloq və yazıçı Nikolay Rerixin təşəbbüsü ilə Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında” müqavilənin (“Vaşinqton paktı” və ya “Rerix paktı” adlanır) imzalanması ilə  bağlı idi.

Sözügedən pakt mədəni irsin qorunması ilə bağlı ilk beynəlxalq sənəd sayılır. Sənədi 20-yə yaxın ölkə imzalamışdı. Sonradan bu paktın bir sıra müddəaları BMT və UNESCO-nun mədəni irslə bağlı sənədlərində əksini tapdı və inkişaf etdirildi. 90-cı illərdə isə Moskvada yerləşən Beynəlxalq Rerix Mərkəzinin təşəbbüsü ilə yaradılan Beynəlxalq Mədəniyyətin Müdafiəsi Liqası tərəfindən 15 aprel “Beynəlxalq mədəniyyət günü” kimi irəli sürüldü və ayrı-ayrı ölkələrdə (Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba və s.) qeyri-rəsmi qeyd edilməyə başlandı.

İndi isə bu tarix beynəlxalq mədəniyyət təqvimində artıq konkret mahiyyət və məqsədi olan gün kimi öz yerini tutub. Siftəsi heç də arzuedilən olmayan incəsənət bayramının qarşıdakı illərdə layiqli, təmtəraqla qeyd olunmasını arzulayırıq.