Rusiyanın “RBK” informasiya agentliyi dünyanın qeyri-adi memarlığı ilə seçilən 7 şəhəri barədə məlumat verib.

Materialda Bakı haqqında da informasiya yer alıb. Hər bir şəhərin simasının onun memarlığı olduğunu qeyd edən agentlik qeyri-adi memarlıqdan zövq alan səyahətçilərə füsunkar siması ilə fərqlənən şəhərlərə diqqət yetirməyi məsləhət görür.

Agentlik gələcək səyahətlərini planlaşdıran oxucularına digər şəhərlərlə yanaşı, Bakıya da getməyi tövsiyə edir: “Bakı çoxmillətli və çoxmədəniyyətli şəhərdir. Burada Şərqlə Qərb sıx vəhdət təşkil edir. Qəribə deyil ki, burada vahid memarlıq konsepsiyası formalaşmayıb. Şəhər ən müxtəlif üslubları, o cümlədən barokko, qotika, klassika və milli arxitektura elementlərini əks etdirən modern üslublarını özündə birləşdirir”. Məqalədə Bakının qonaqlarına İçərişəhərdə olmaq, Qız qalasına qalxmaq, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzini ziyarət etmək, “Alov qüllələri”nə diqqət yetirmək məsləhət görülür.

Materialda Barselona, İstanbul, Roma, Şanxay, Mərakeş və Oksford barədə də informasiya yer alıb.