“Kreativ Azərbaycan” Virtual Platformasının ilk panel müzakirəsinin nəticələri

Xəbər verildiyi kimi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə təsis olunmuş “Kreativ Azərbaycan” Virtual Platformasının aprelin 14-də ilk panel müzakirəsi keçirilib. Virtual paneldə müzakirələr “COVİD-19 virus pandemiyasının yaratdığı virtual reallıq və gələcək proqnozlar” mövzusu ətrafında aparılıb.

Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadənin moderatorluğu ilə keçən paneldə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Milli Məclisin deputatı Şahin Seyidzadə, AZTV-nin sədr müavini Rüfət Həmzəyev, “ASAN Xidmət”in Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov, “Ernst & Young” şirkətinin İqlim dəyişikliyi və dayanıqlı inkişaf xidmətlərinin Azərbaycan və Gürcüstan üzrə rəhbəri Günel Fərəcova, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, Mədəniyyət Nazirliyinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov iştirak edib.

Panel müzakirəsində səsləndirilən bir sıra önəmli fikirləri diqqətə çatdırırıq:

Hazırkı durum bizi fərqli düşünməyə məcbur edir. Çünki sivilizasiyanın yeni bir virtual səviyyəsi yaranmaqdadır və rəqəmsal menecment bütün sahələri əhatə edəcək.

İlk dəfədir ki bütün dünya əhalisi öz kreativliyini maksimum dərəcədə işə salaraq nələrisə yaratmaq istəyir.

Sağlamlıq və səhiyyə iqtisadiyyat və biznesin də sağlamlığı üçün əsas meyara çevrilib.

Pandemiyanın yaratdığı təcrid eyni zamanda əmək münasibətlərinə yenidən baxılmasına gətirib çıxaracaq. Əgər az resurs sərf etməklə çox iş görmək olursa yəqin ki, gələcək mərhələdə bu, məsafədən iş baxımından daha çox istifadə olunan model olacaq.

4-cü sənaye inqilabının və pandemiyanın sürətləndirdiyi bir proses olaraq yeni yaradıcı beyin peşələri yaranacaq və əmək bazarında təkcə zəif qabiliyyətli mütəxəssislər yox, hətta ənənəvi sahələrdə çalışan peşəkarlar da öz işlərini itirə bilərlər.

Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən 40-dan çox layihə icra olunur və son günlər ərzində “Asan Login” sistemində vətəndaşların qeydiyyatı bir milyona çatıb. Bu isə o deməkdir ki, Covid-19 bir tərəfdən böyük problemlər doğursa da, digər tərəfdən elektronlaşma sahəsində ciddi imkanlar yaradıb.

Gündəlik həyat tərzimizdə, fəaliyyətimizdə hər şeyi əksinə fikirləşərək əks vəziyyətdən çıxa bilmək üçün alternativ modellər düşünməliyik.

Təhsilimiz klassik tədris formasını dəyişərək başqa bir mərhələyə, rəqəmsal ənənəni yaradan və onu gələcəyə apara bilən bir modula keçir.

Getdikcə dəyişməkdə olan insanların gündəlik fəaliyyətləri, həyat tərzi, dəyişikliklərə yanaşmaları və onları qəbul etmək formaları bu pandemiya dövründə daha da sürətləndi. İnsanlar artıq özləri çıxış yolları axtararaq gündəlik fəaliyyətlərini onlayn platformaya köçürməyə çalışırlar. Biz bu dövrə təcrübə kimi yanaşaraq gələcək həyat tərzimizi də bu formada davam etdirməli olacağıq.

Texnologiyanın inkişafı, müəyyən əməliyyatların sürətləndirilməsi bizi məhdud təbii resurslar üzərindən qeyri-məhdud, limitsiz iqtisadiyyat qurmağa vadar etdi və biz bunu yaşayan və başa düşən ilk nəslin nümayəndələriyik.

Pandemiya dövründə ənənəvi media itirilməkdə olan mövqeyini bərpa etdi və digər əvəzləyici vasitələrdən daha ön plana keçdi. Onu da qeyd etmək lazımdır ki, bəzən pandemiya ilə bağlı verilən məlumatların təşvişə səbəb olması daha faydalıdır, nəinki insanların laqeydliyinin sonradan yol açacağı ağır nəticələr.

Pandemiya dövründə həm milli səviyyədə, həm də beynəlxalq səviyyədə xeyriyyəçilik həmrəyliyi gücləndi.

Pandemiya dövrünün gətirdiyi dəyişikliklərdən yaradıcılığın daha inkişaf edən və nisbətən zərər çəkən sahələri görünür. İstənilən halda ən kreativ insanlar şəraitin hansı məcrada dəyişməsindən asılı olmayaraq vəziyyətə uyğun çıxış yolu taparaq uğur qazana biləcəklər.

Panel müzakirəsini “Kreativ Azərbaycan” portalının “Youtube” kanalında və “Facebook” səhifəsində izləmək olar:

“Youtube”: https://www.youtube.com/watch?v=eexQDVeQLtA

“Facebook”: www.facebook.com/creative.az