Dünya Səhiyyə Təşkilatı (DST) rəsmiləri koronavirusun yayılması ilə bağlı tətbiq edilən müxtəlif məhdudiyyətlərin əsassız ləğvinin yeni infeksiya dalğasına səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

DST-nin Sakit okean hövzəsi üzrə regional direktoru Takeşi Kasainin sözlərinə görə, izolyasiya tədbirləri virusun yayılması ilə mübarizədə effektivliyini göstərib və insanlar yeni həyat tərzinə hazır olmalıdır. “COVİD-19 əleyhinə vaksin və ya çox effektiv müalicə metodları tapılana qədər izolyasiya prosesi yeni normamıza çevrilməlidir”, - deyə o bildirib. Direktor məhdudiyyət tədbirlərinin ləğvi imkanlarını nəzərdən keçirən hökumətlərin bunu ehtiyatla və mərhələli etmələrini, həmçinin ölkədəki epidemioloji vəziyyəti diqqətdə saxlamalı olduqlarını vurğulayıb: “Nə qədər ki, koronavirus dövr edir, heç bir ölkə potensial yeni infeksiya dalğasından sığortalanmayıb”.