Mayın 5-də Azərbaycan və Çexiyanın turizm üzrə ixtisaslaşmış qurumları arasında “COVİD-19-dan sonra turizm sektoru” mövzusunda onlayn vebinar keçirilib.

Dövlət Turizm Agentliyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Talıbzadənin moderatorluğu ilə keçirilən vebinarda COVİD-19 pandemiyasının dünya turizminə təsirləri, turizmin gələcək inkişafı, yeni tendensiyalar, böhran şəraitində turizmə verilən dəstək paketləri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

“ÇexTurizm”in Moskva nümayəndəliyinin müdiri Alena Kudilkova turizm ölkəsi sayılan Çexiyada hazırda turizmi böhranlı vəziyyətdən çıxarmaq üçün rəqəmsal həllərin tətbiq olunduğunu, turistik məkanların onlayn olaraq fəaliyyət göstərdiyini deyib, turizm sənayesinin mərhələli şəkildə karantin rejimindən çıxmaq planlarından bəhs edib, ölkədaxili turizmin əsas istiqamət olacağını vurğulayıb.

Azərbaycan Hotel Assosiasiyasının icraçı direktoru Günay Sağlam Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçirilən SAHMAN proqramı haqqında məlumat verib, bunun unikal bir məhsul olaraq Azərbaycan modeli olduğunu qeyd edib.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının rəhbəri Rüfət Hacıyev turizm sahəsində fəaliyyət göstərən sahibkarlara, o cümlədən turizm agentliklərinə dövlət səviyyəsində verilən dəstək paketindən danışıb, turizm sənayesinin nümayəndələrinə bu dövrdə verilən dəstəyin önəmini vurğulayıb.

Azərbaycan Turizm Bürosunun şöbə müdiri Sevinc Zeynallı yenicə istifadəyə verilən və beynəlxalq turizm sənayesinin nümayəndələrinə Azərbaycanın turizm imkanları barədə təlimlərin keçirildiyi “Azerbaijan 101: e-learning project powered by ATB” adlı onlayn platforma haqqında məlumat verib.