Aprelin 27-də dünyasını dəyişən Azərbaycanda  kitabxanaşünaslıq elminin banisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin (BDU) fəxri professoru, BMT-nin İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü Abuzər Xələfov yetmiş ildən artıq dövrdə topladığı, kitabxanaşünaslıq elminə dair 600-dən çox kitabı BDU-nun Elmi kitabxanasına vəsiyyət edib.

BDU-dan bildirilib ki, altmış ildən artıq ali təhsil ocağının Kitabxanaşünaslıq kafedrasında çalışan professorun vəsiyyət etdiyi kitab fonduna kitabxanaşünaslıq sahəsinə aid xüsusi ədəbiyyat, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri və sair daxildir. Kitablardan BDU-nun müəllimləri, tələbələri, magistrantları və doktorantları yararlana biləcəklər.

Qeyd edək ki, respublikamızda kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq elmlərinin və ali kitabxanaçılıq təhsilinin formalaşması Abuzər Xələfovun adı ilə bağlıdır. Alimin araşdırmalarında Azərbaycanda ali kitabxanaçılıq-biblioqrafiya təhsilinin tarixi və nəzəri problemləri mühüm yer tutur. Onun “Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı”, “Azərbaycanda ali kitabxanaçılıq təhsili” kitabları, çoxsaylı məqalələri, tədris-metodik materialları respublikada kitabxanaçılıq-biblioqrafiya təhsilinin təşkilinə, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması işinə mühüm töhfələrdir.