Dahi rəhbər Heydər Əliyev hələ sovet dövründə respublikamıza rəhbərliyi zamanı incəsənətin müxtəlif sahələrinin inkişafına xüsusi diqqət yetirirdi. SSRİ-nin nüfuzlu incəsənət təmayüllü ali məktəblərində Azərbaycan gəncləri təhsil alıb Bakıya qayıdırdılar. O zaman Sankt-Peterburq, Moskva və digər şəhərlərdə teatr, rəssamlıq, musiqi, xoreoqrafiya üzrə ali təhsil ocaqlarını bitirən gənclər bu gün Azərbaycan mədəniyyətinin görkəmli sənətkarlarıdır.

Bu sözləri Bakı Xoreoqrafiya Akademiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə söyləyib. O bildirib ki, ulu öndər hakimiyyətinin hər iki dövründə xoreoqrafiya sənətinə də qayğı ilə yanaşıb. Bunun nəticəsidir ki, Azərbaycan klassik baleti və milli rəqs sənəti dünya miqyasında tanınıb.

Ulu öndərin təşəbbüsü və dəstəyi ilə SSRİ məkanında və digər ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri zamanı milli xoreoqrafiya sənətimiz də yüksək səviyyədə nümayiş olunurdu. Görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti Heydər Əliyevin rəhbərliyi dövründə, 1970-ci ildə keçirilən VII Beynəlxalq Rəqs və Balet Teatrları Festivalı çərçivəsində Parisdə səhnələşdirilib. “Min bir gecə” baletinin müvəffəqiyyətinə görə bəstəkar Fikrət Əmirov, baletmeyster Nailə Nəzirova, rəssam Toğrul Nərimanbəyov, dirijor Nazim Rzayev və baş rolların ifaçıları, o cümlədən məşhur balet artisti Tamilla Şirəliyeva SSRİ Dövlət mükafatına layiq görülüblər.

1970-ci ildə Azərbaycan Dövlət Rəqs Ansamblının yaranması respublika rəhbərinin bu sənətə diqqətinin nəticəsi idi. Müxtəlif ölkələrə qastrol səfərlərinə gedən ansambl, həmçinin ümumittifaq festivalının laureatı olub, 1979-cu ildə Tunisdə keçirilən beynəlxalq folklor sənəti festivalında qızıl medala layiq görülüb.

Heydər Əliyevin təşəbbüsü ilə 80-ci illərin ortalarında Bakı Xoreoqrafiya Məktəbi üçün bina inşa edilib. Bu gün həmin məktəbin bazasında yaradılan Bakı Xoreoqrafiya Akademiyası uğurla fəaliyyət göstərir. Dahi lider tez-tez balet tamaşaları və konsertlərə gəlir, tamaşa və konsertlərdən sonra səhnə arxasına keçərək yaradıcı heyətlə görüşür, səhnədə nümayiş olunanları təhlil edir, bu və ya digər artistin ifasını dəyərləndirirdi. Bu da onun həm Azərbaycan, həm də dünya incəsənətini dərindən bilməsindən irəli gəlirdi.