Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti dəfə nüfuzlu “Skytrax World Airport Awards” mükafatına layiq görülüb.

Aeroportun mətbuat xidmətindən bildirilib ki, aparılan auditin nəticələrinə əsasən, Azərbaycan paytaxtının hava limanı illik sərnişin axını 5 milyon nəfərədək olan hava limanları arasında ən yaxşı aeroport seçilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu xidmət səviyyəsinə görə Avropa, Yaxın Şərq və Amerika qitəsindəki aparıcı hava limanlarını geridə qoyub.

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportu dörd il ardıcıl olaraq MDB ölkələrinin hava limanları arasında ən yaxşısı seçilib.

COVİD-19 koronavirus infeksiyasının yayılması və bütün dünyada beynəlxalq sərnişin daşımalarının dayandırılması ilə əlaqədar bu il “Skytrax World Airport Awards” mərasimi Londondan onlayn rejimdə yayımlanıb.

“Skytrax” tərəfindən sərnişinlərə xidmət səviyyəsi və şəraitin qiymətləndirilməsi dünyanın ümumilikdə 550 hava limanını əhatə edir. Bu, dünya hava limanları sənayesi üçün keyfiyyət göstəricisi hesab olunur. Qiymətləndirmə zamanı “Skytrax” şirkəti, həmçinin altı ay ərzində 100 ölkədən olan sərnişinlər arasında sorğu aparıb.