Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) könüllüləri tərəfindən “Wikipedia” elektron ensiklopediyasında özbək dilində Azərbaycanın Laçın rayonu haqqında bölmə yaradılıb.

Bölmədə Laçın rayonunun 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu qeyd olunub, rayonun tarixi-mədəni irsi, abidələri, təbiəti, tanınmış şəxsiyyətləri və s. məlumatlar öz əksini tapıb.

Qeyd olunur ki, Laçın rayonunun ərazisi dünyada ən nadir ağac sayılan qırmızı dəmirağacı meşələri, mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, dərman bitkiləri ilə zəngindir. Rayonun təbii sərvətləri, həmçinin bütün infrastrukturu, mədəniyyət, təhsil, səhiyyə müəssisələri, müxtəlif təyinatlı istehsal sahələri Ermənistan işğalçı qüvvələri tərəfindən talan edilib. İşğal nəticəsində rayonun mədəni irsinə böyük ziyan vurulub, tarixi abidələr vandalizmə məruz qalıb.

“Wikipedia”da Laçın rayonu haqqında yaradılan özbək dilində bölmə ilə https://uz.wikipedia.org/wiki/Lachin linkində tanış olmaq mümkündür.

Qeyd edək ki, AMM AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Wikipediya” könüllüləri ilə əlaqəli şəkildə Azərbaycan tarixi və milli mədəniyyətimizə dair bölmələrin yaradılması işini davam etdirir.