Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahı yenidən qurulur. Pir Ömər Sultan ziyarətgahında isə  bərpa-konservasiya işləri başlanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı şəhərinə səfəri zamanı hər iki ziyarətgahda görülən və  nəzərdə tutulan işlərlə tanış olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma Pirsaat Baba ziyarətgahında aparılan tikinti-bərpa və yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, zəlzələ zamanı ziyarətgahın divarlarında çatlar əmələ gəlmişdi.

Prezident və birinci xanım Pirsaat Babanın məzarını ziyarət ediblər.

Pirsaat Baba ziyarətgahı bütün ölkə əhalisinin ziyarət etdiyi müqəddəs ocaqlardan biridir və hər gün buraya yüzlərlə zəvvar gəlir. Ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə burada geniş yenidənqurma işlərinə başlanıb.

Qeyd edək ki, təxminən IX-XV əsrlər arasında tikilmiş türbə 1918-ci ildə Hacı Cəfərqulu tərəfindən yenidən ucaldılıb. Heydər Əliyev Fondu tərəfindən 2020-ci ildən başlanmış yenidənqurma işləri həm tarixi abidə, həm də müqəddəs ziyarətgah olan Pirsaat pirinin tamamilə yeni görkəmdə əhalinin ixtiyarına verilməsinə imkan yaradacaq.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda Pir Ömər Sultan ziyarətgahında da bərpa-konservasiya işlərinə başlanılıb. Ərazinin arxeoparka çevrilməsi planlaşdırılır.

Dövlət başçısına və birinci xanıma məlumat verilib ki, Pir Ömər Sultan ziyarətgahının xəlvəti sufi məktəbinin banisi Əbu Siracəddin Ömər Avaxıliyə aid olduğunu müəyyən etmək məqsədilə tədqiqatlar aparılır. Arxeoloqlar hesab edirlər ki, bu ərazi Azərbaycanda və dünyada xəlvətiliklə bağlı ilk xanəgahdır. İlkin arxeoloji tədqiqatlar zamanı XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxıliyə aid olduğunu təsdiqləyən artefaktlar aşkar olunub. Ziyarətgahın ətrafında çoxlu sayda insan dəfn olunub. Türbənin şərq tərəfində tədqiq olunan iki qəbir üzərindəki kitabə Pir Ömər ziyarətgahının məhz xəlvətilik sufi təliminin banisi Pir Ömər Avaxıliyə aid olduğunu təsdiqləyən çox mühüm tarixi mənbə kimi dəyərləndirilə bilər.

Tədqiqatların davam etdirilməsi, ziyarətgahın təbii və antropogen təsirlərdən qorunması məqsədilə abidənin üstü yüngül konstruksiyalardan istifadə olunmaqla örtülüb.

Dini ziyarətgahlarımız da xalqımızın keçmişinə, milli-mənəvi dəyərlərinə həssas münasibətinin əyani nümunələrindəndir. Azərbaycanın müasir tarixində müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin prinsipial vətəndaşlıq mövqeyi, iradəsi, qətiyyəti, milli-mənəvi dəyərlərə dərindən bağlılığı nəticəsində ölkəmizdəki ziyarətgahlara yeni həyat verildi. Bu istiqamətdə işlər Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində daha geniş miqyasda davam etdirilir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da səylərini əsirgəmir, istər ölkəmizdə, istərsə də xaricdə silsilə layihələr reallaşdırır. Şamaxıdakı Pirsaat Baba və Pir Ömər Sultan ziyarətgahları da bu sıraya daxildir.