AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva Kanadanın Toronto şəhərindən yayımlanan “Elm. Təhsil. Praktika” (“Science. Education. Practice”) adlı beynəlxalq onlayn universitet elmi forumuna qatılıb.

Beynəlxalq forumda Çin, Rusiya, Qazaxıstan və digər ölkələrdən də alimlər iştirak ediblər.

Aynel Məşədiyeva (“Türk dillərinin bəzi ikincili feili bağlamaların etimologiyasına dair türkoloqların baxışlarının tənqidi təhlili” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, türk dillərində ikincili feili bağlama şəkilçilərinin etimologiyasına dair türkoloqların baxışlarının tənqidi təhlili həmin şəkilçilərin təkamülünün tam mənzərəsini təqdim etməyə, türk dillərinin müasir və tarixi morfologiyası məsələlərini daha dərindən araşdırmağa, türk dillərinin qrammatik sistemində mövcud boşluqları doldurmağa imkan verir.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycanlı alim forumun sertifikatı ilə təltif olunub.

S.QALİBOĞLU