İyunun 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İCESCO-nun baş katibi Səlim bin Məhəmməd Əl-Maliklə videokonfrans formatında görüşüb. Görüşdə Azərbaycan Respublikasının İCESCO üzrə Milli Komissiyasının baş katibi, Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə iştirak edib.

QMİ sədri Səlim bin Məhəmməd Əl-Malikə yeni vəzifəsində uğurlar arzulayaraq Azərbaycan ilə İCESCO arasında mövcud əlaqələrin daha yüksək səviyyəyə qalxması yönündə birgə səmərəli əməkdaşlığa ümidvar olduğunu bildirib.  Şeyxülislam A.Paşazadə İCESCO müstəvisində Azərbaycanın işğal altında olan ərazilərinin mədəni, dini-mənəvi irsinə münasibətdə, habelə qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinə hər zaman diqqət və dəstək nümayişini İslam həmrəyliyinin nümunəsi kimi təqdir etdiyini vurğulayıb.

Azərbaycan Prezidentinin və ölkəmizin Birinci vitse-prezidentinin İCESCO ilə əlaqələrə böyük önəm verdiklərini diqqətə çatdıraraq qurumla bərabər elm, mədəniyyət, din, ictimai xadimlərinin birgə konfranslarının keçirilməsinin əhəmiyyətini qeyd edib.

Baş katib Səlim bin Məhəmməd Əl-Malik görüşdən məmnunluğunu ifadə edib, rəhbərlik etdiyi qurumun nizamnaməsində edilmiş dəyişikliklər barədə QMİ sədrini məlumatlandırıb. Bildirib ki, İCESCO qeyri-İslam dinləri ilə əməkdaşlıqda maraqlıdır və bu baxımdan Şeyxülislam A.Paşazadənin beynəlxalq müstəvidə, o cümlədən regionda dinlərarası dialoq və konfessiyalararası əməkdaşlıq sahəsində böyük nüfuz və təcrübəsinə, geniş əlaqələrinə böyük önəm verir.