İyunun 4-də Azərbaycan Milli Kitabxanasının iştirakı ilə kitab irsi və beynəlxalq kitabxana əməkdaşlığının inkişafına həsr edilən onlayn mətbuat konfransı keçirilib.

Konfransa Milli Kitabxananın direktoru Kərim Tahirov, Rusiya Milli Kitabxanasının baş direktoru Aleksandr Verşinin, Brest şəhər Mərkəzi Kitabxanasının direktoru Svetlana Qorodeskaya, MDB Parlamentlərarası Assambleyasının məsul katibi Konstantin Pşenko qatılıb.

Kitabxanalar arasında mübadilə, koronavirus dövründə kitabxanaların onlayn rejimdə göstərdikləri xidmətlər barədə çıxışlar olub.

Professor Kərim Tahirov Rusiya Milli Kitabxanası ilə qarşılıqlı kitab mübadiləsi, Sankt-Peterburq Milli Kitabxanasında və Şərq Əlyazmaları İnstitutunda mühafizə olunan Azərbaycan klassiklərinin əlyazmalarının elektronlaşdırılaraq ölkəmizə gətirilməsinə toxunub və koronavirus dövründə kitabxananın fəaliyyəti barədə danışıb.

Konfrans iştirakçıları Azərbaycan Milli Kitabxanasının pandemiya şəraitində onlayn xidmətləri sahəsində fəaliyyətini yüksək qiymətləndirib və sonda K.Tahirov onların bu mövzuda suallarını cavablandırıb.