Bakı Dövlət Universitetinin (BDU) tələbələri və gənc tədqiqatçıları üçün iyunun 1-də Komenski adına Bratislava Universitetinin (Slovakiya) professoru Lukas Ribarın təqdimatında “XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri” mövzusunda onlayn elmi seminar keçirilib.

Professor Lukas Ribar İran və Qafqaz ölkələri haqqında apardığı elmi tədqiqatlar, XVI-XVII əsrlərdə Avropa ilə Şərq ölkələri arasında diplomatik əlaqələrin xüsusiyyətləri, Habsburq sülaləsi ilə Səfəvilər dövləti arasında qurulmuş ittifaq, Azərbaycan Səfəvilər dövlətinin Avropa ölkələri ilə ticarət əlaqələri barədə danışıb. O, həmçinin Habsburqların Səfəvilərə, Səfəvilərin isə Avropaya göndərdikləri elçiliklər, Avropa mənbələrində rast gəlinən bir sıra faktlar – Səfəvilər dövlətinin adının müxtəlif adlarla, xüsusilə “Qızılbaşlar” adı ilə, hökmdarların adları yerinə isə “Böyük Səfi” yazılması və digər məlumatlar barədə söz açıb.