UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının təşəbbüsü ilə ölkəmizdə fəaliyyət göstərən UNESCO klublarının fəaliyyətinə həsr olunmuş onlayn iclas keçirilib.

Tədbirdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Milli Komissiyanın baş katibi Elnur Sultanov çıxış edərək Azərbaycanın 28 il əvvəl UNESCO-ya üzv olduğunu, UNESCO ilə münasibətlərin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və təşkilatla əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi siyasətinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu istiqamətdə müstəsna xidmətlərindən də bəhs edilib.

Elnur Sultanov, həmçinin COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində UNESCO-nun mandatına aid olan təhsil, mədəniyyət, elm, informasiya və kommunikasiya sahələri üzrə ölkəmizdə həyata keçirilən tədbirlər barədə təşkilata məlumatların təqdim edildiyini, ölkəmizin təşkilatın müvafiq layihə və təşəbbüslərinə qoşulduğunu da diqqətə çatdırıb.

Ölkəmizdə UNESCO klublarının fəaliyyətinin Azərbaycanın təşkilatla münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayan baş katib əsas fəaliyyət istiqamətləri barədə təkliflərini bölüşüb.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov pandemiya dövründə təşkilatın da distant iş rejimində fəaliyyətini davam etdirdiyini deyib, təhsil və mədəniyyət sahəsində təşkilat tərəfindən irəli sürülən ResiliArt, Qlobal Təhsil Koalisiyası kimi təşəbbüslər və ölkəmizin bu təşəbbüslərə qoşulması barədə məlumat verib. O, həmçinin ölkəmizdə UNESCO klublarının yaradılmasının müsbət hal olduğunu vurğulayıb və onların fəaliyyətinə uğurlar arzulayıb.

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli ölkəmizdə UNESCO ilə təhsil sahəsində əməkdaşlığa verilən önəmdən bəhs edib. O, Azərbaycanda UNESCO klublarının fəaliyyətinin intensivləşdirilməsinin, xüsusilə sosial şəbəkələrdə müvafiq layihələrin həyata keçirilməsinin, eləcə də klublar arasında əlaqələndirmənin gücləndirilməsinin vacibliyini qeyd edib.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva ölkəmizdə yaradılmış gənclər evləri ilə UNESCO klublarının əməkdaşlığının faydalı olacağını, eləcə də digər ölkələrin müvafiq klubları ilə əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu bildirib.

Daha sonra aidiyyəti təhsil ocaqlarında fəaliyyət göstərən UNESCO klublarının koordinatorları tərəfindən cari fəaliyyət və gələcək planlar barədə məlumat verilib.

Sonda Azərbaycanda UNESCO klublarının koordinatoru Cahangir Hacıyev çıxış edərək klubların yaranması prosesi, onların əsas fəaliyyət istiqamətləri, klubların internet səhifələri və sosial media hesablarının yaradılması və gələcək layihələr barədə danışıb.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Texniki Universitetində, Bakı Avropa Liseyində və 20 saylı məktəb-liseydə UNESCO klubları fəaliyyət göstərir.