Beynəlxalq Muğam Mərkəzindən “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində canlı yayımlar davam edir. Ötən həftə BMM-dən layihənin 3 canlı efiri yayımlanıb və “Mədəniyyət” kanalının tamaşaçıları, eləcə də sosial şəbəkə izləyiciləri tərəfindən izlənilib.

Həftənin ilk canlı efiri Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub. Növbəti günlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti efirin qonağı olub. Universitetin rektoru, professor Ceyran Mahmudova təhsil ocağının fəaliyyətindən söz açıb. Tələbələr maraqlı konsert proqramı ilə çıxış ediblər.

Xalq artisti, skripka ifaçısı Zəhra Quliyeva, violin ifaçısı Osman Mustafazadə də həftə ərzində canlı efirin qonağı olublar. Xalq artisti onlayn dərslər və tələbələrinin uğurları ilə bağlı düşüncələrini bölüşüb. Əməkdar artist, rejissor Nicat Kazımov, ifaçılar Pərvin Lətifov və Aydan Rüstəmzadə də canlı efirin qonaqları sırasında olublar. BMM-in solisti, V Muğam Televiziya Müsabiqəsinin qalibi Nisbət Sədrayeva  “Bizi birləşdirən mədəniyyət”in efirində sənətə gəlişi, musiqi təhsili və muğam sənəti ilə bağlı düşüncələrini bölüşüb.

Ölkəmizdə Şairlər günü kimi qeyd olunan 5 iyunda Xalq artisti, ADMİU-nun Muğam kafedrasının müdiri Teyyub Aslanov və Əməkdar artist Azad Şükürovun qonaq olduğu canlı efir unudulmaz şair Mikayıl Müşfiqə həsr edilib. Qonaqlar  Müşfiqin həyat və yaradıcılığından söz açıb, tələbələrin ifasında şairin şeirləri və sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.

BMM-in solistləri və Muğam televiziya müsabiqələri qaliblərinin iştirak etdiyi həftəiçi buraxılışlarda həm milli, həm də klassik musiqilərə yer verilib.