Əbu-Dabi Universitetinin beynəlxalq əlaqələr kafedrasının müəllimi Şəhrizad Süleyman və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Bayan” qəzetinin redaktoru Marvat Əbdulkərim ərəb dünyasında Azərbaycanın zəngin tarixinin və mədəniyyətinin təbliği üzrə layihə həyata keçirəcəklər.

Ş.Süleyman bildirib ki, layihə çərçivəsində Azərbaycanın tarixi, abidələri, dini məbədləri, zəngin mədəni irs nümunələri, milli adət-ənənələri, mətbəxi, habelə dahi şəxsiyyətləri, elm xadimləri haqqında silsilə məqalələr dərc olunacaq.

Silsilə yazılarda oxucular Bakı şəhəri, Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı, habelə Şərq memarlığının inciləri olan Qarabağlar, Möminə xatın, Şahxəndan, Şeyx Dursun, Yusif ibn Küseyir türbələri ilə tanış olacaqlar.

Bundan əlavə, Şərq xalçaçılıq sənətinin bir qolu olan Azərbaycan xalçalarından, Qarabağ, Şirvan, Qazax xalçaçılıq məktəblərindən bəhs edən məqalələrin dərc olunması nəzərdə tutulur. Ərəb oxuculara Şərqin böyük alim və mütəfəkkirləri Nəsrəddin Tusi, Bəhmənyar, Bakuvi, Mir Möhsün Nəvvab, Qütbəddin Şirazi, Qətran Təbrizi, Əkmələddin Naxçıvani, Yəhya Təbrizi, İbrahim Gülşəni və başqalarının həyat və yaradıcılığı haqqında məlumat veriləcək.