Azərbaycanda pandemiya ilə bağlı üç aya yaxın davam edən fasilədən sonra sərnişindaşıma üzrə ilk daxili reys bərpa olunur. İyunun 18-də saat 12:00-da Bakı-Naxçıvan istiqamətində ilk uçuş olacaq.

Bu barədə iyunun 11-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib. Onun sözlərinə görə, həmin gün saat 15:00-da ikinci uçuş olacaq. Eyni gündə Naxçıvandan Bakıya iki reys olacaq.

Ölkədən xaricə və xaricdən Azərbaycana uçuşlara qadağa isə hələlik iyulun 1-dək qüvvədədir.

AZAL-ın vitse-prezidenti qeyd edib ki, hazırda sərnişinlərin əlində pandemiya qadağasından öncə alınmış 178 691 bilet var. “Hər kəs biletləri qaytarmaq fikrində deyil. Böyük əksəriyyət Azərbaycan Hava Yollarının uçuşlarını bərpa etməsini və biletləri yeni istiqamətlərə dəyişmək istəyir. Ancaq kimsə bileti qaytarmaq istəsə, zamanı gələndə pullarını geri ala biləcəklər”, – deyə o bildirib.

Türkiyə, Macarıstan, Qazaxıstan və Rusiya aviaşirkətləri Azərbaycana uçuşları bərpa etmək istəyir. Bu barədə isə mətbuat konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov deyib.

O diqqətə çatdırıb ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı və digər təşkilatların tövsiyələri nəzərə alınaraq pandemiya dövründə uçuşlarla bağlı müvəqqəti qaydalar hazırlanıb.

Qeyd edək ki, iyunun 11-də Nazirlər Kabineti tərəfindən “Koronavirus pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişindaşımalarının təşkili üzrə müvəqqəti Qaydalar” təsdiqlənib.

Qaydalara əsasən, uçuşdan əvvəl 48 saat ərzində COVİD-19 testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılacaq. Beynəlxalq uçuşlar (bərpa olunandan sonra) üçün müayinə xərcləri sərnişinlərin özləri tərəfindən ödəniləcək. Ölkədaxili uçuşlarda Azərbaycan Respublikasının vətəndaşları üçün bu müayinələr ödənişsiz əsaslarla aparılacaq.

Sərnişinlərin uçuşa qeydiyyatı və hava gəmisinə daxil olması bu arayışlar əsasında həyata keçirilir. Sərnişinlər uçuşdan ən azı 4 saat əvvəl aerovağzal kompleksinə gəlməlidirlər. Hava limanı ərazisində və uçuş zamanı tibbi maskalardan istifadə məcburidir.

Qaydalara əsasən, aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasına icazə verilmir. Yalnız şəxsi istifadə əşyalarının (noutbuk, portfel, qadın çantası və s.) daşınması mümkündür.

Həmçinin, əhali sıxlığının qarşısının alınması məqsədilə qarşılayan və yola salan şəxslərin terminala girişi qadağandır.

Hərarəti 37,5 C-dən yuxarı olan şəxslər aerovağzal kompleksinə buraxılmır, hava limanının girişindəki tibb məntəqəsinə yönləndirilir, COVİD-19-la bağlı şübhəli simptomlar müəyyən edildikdə xüsusi avtomaşın vasitəsilə sonrakı müayinə üçün müvafiq tibb müəssisəsinə göndərilirlər. Bu barədə sərnişinin uçuşu nəzərdə tutulan reysi yerinə yetirən aviaşirkətin nümayəndəsinə məlumat verilir.