Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə iyunun 17-də mədəniyyət işçiləri arasında onlayn debat təşkil olunub. Bərdə Regional Mədəniyyət İdarəsinin Mingəçevir şəhər gənc mədəniyyət işçilərinin qatıldığı debatda mədəniyyət könüllüləri də iştirak ediblər.

Müasir mədəni xidmətlər, mədəniyyət müəssisələrinin sosial imici, mədəniyyət siyasətinin prioritetləri, müasir gənclər və mədəniyyət, mədəniyyət sahəsi üzrə beynəlxalq tendensiyalar və s. mövzular müzakirə olunub. Müzakirələr çərçivəsində Heydər Əliyev mərkəzləri, muzeylər, kitabxanalar və mədəniyyət mərkəzləri kimi müəssisələrin fəaliyyətinin müasirləşməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Mərkəzin direktoru Asif Usubəliyev bu cür mövzular ətrafında regionlarda çalışan mədəniyyət işçiləri ilə birgə açıq müzakirələrin aparılmasının önəmini vurğulayıb.

Mərkəzin şöbə müdiri Nurəddin Babazadə gəncləri mədəniyyət müəssisələrinə cəlb etməklə mədəniyyət sahəsinin aktuallığının artırılması, mövcud istiqamətdə layihələrin reallaşdırılması barədə danışıb.

Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupunun üzvləri Nahid Musayev, Ceyhun İsmayılzadə, Mərziyyə Əmirxanlı, Pərviz Qasımov, Orxan İbrahimov, Emin Cəbrayıl, Nərmin Osmanova, Emil Xanlarov, Aysel İsmayılova, Cavid Əliyev və digərləri öz fəaliyyətindən bəhs edərək maraqlı fikirlər bildiriblər. Bu cür görüş və müzakirələrin daha intensiv şəkildə təşkilinə dair qərar qəbul olunub.