Bir gündə 508 yeni yoluxma faktı qeydə alınıb

Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 23-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 508 yeni yoluxma faktı qeydə alınıb. Bu, ölkəmizdə pandemiya başlanandan bəri ən yüksək yoluxma göstəricisidir.

23 iyunda 335 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Son günlər ölkədə pandemiya ilə bağlı vəziyyət ağırlaşmaqda davam edir. İyunun əvvəlindən başlayaraq koronavirusa gündəlik yoluxma sayı 300-ün üzərində idisə, 19 iyundan bu göstərici 400-500 arasında dəyişir. 19 iyun – 438 yeni yoluxma (4 vəfat), 20 iyun – 471 (5), 21 iyun – 491 (6), 22 iyun – 478 (7).

İndiyədək ölkədə ümumilikdə 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 503 nəfər müalicə olunaraq sağalıb. 6 045 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Xatırladaq ki, üç həftə öncə (2 iyun) xüsusi rejimli xəstəxanalarda cəmi 2300 koronavirus xəstəsi vardı.

Ötən müddətdə 167 nəfər vəfat edib. O cümlədən 104 nəfər 1-23 iyun tarixində dünyasını dəyişib.

Bu günbəgün və  sürətlə artan statistika isə o deməkdir ki, pandemiya ilə mübarizədə dövlətin səhiyyə sistemi hər nə qədər səfərbər edilsə də, xəstəlikdən qorunmaq xeyli dərəcədə həm də özümüzdən, vətəndaş məsuliyyətindən, zəruri (və əslində sadə) qaydalara əməl etməyimizdən asılıdır. Əks halda, növbəti günlərin statistik mənzərəsi daha ağır ola bilər.