Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 24-də və 25-də ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.

DİM-dən bildirilib ki, respublikanın 19 şəhər və rayonunda təşkil ediləcək imtahanlar üçün 190 bina ayrılıb.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq olunduğu üçün həmin şəhər və rayonlarda iyunun 24-də və 25-də imtahanlar keçirilməyəcək.

Qeyd olunan şəhər və rayonlarda imtahanlar sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq.

İndiyə qədər keçirilən imtahanlara hərarəti yüksək olduğuna görə buraxılmayan şagirdlər isə təkrar imtahan verə biləcəklər.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bunu iyunun 20-də keçirdiyi onlayn mətbuat konfransında deyib. O bildirib ki, qrafik üzrə keçiriləcək sonuncu imtahanlarda bu tələbələr imtahana buraxıla bilər. Dövlət İmtahan Mərkəzi bu şagirdlərlə mütəmadi əlaqə saxlayır və onların ərizələri qəbul olunur. Növbəti həftələrdə bu barədə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, 10-11 və 18-19 iyun tarixlərində keçirilən imtahanlarda ümumilikdə 30-dan çox şagird (abituriyent)  hərarəti yüksək olduğuna görə imtahana buraxılmamışdı.