Nyu-Yorkun ən böyük inzibati dairəsi (2,6 milyon əhali) olan Bruklinin rəhbəri Erik Adams Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü ilə əlaqədar rəsmi bəyannamə imzalayıb.

Bəyannamədə Erik Adams Azərbaycanın ABŞ-dakı səfirliyinə Bruklində Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümünün qeyd olunmasına qoşulduğunu bildirir. O, Bruklinin müxtəlif mənşəli Azərbaycan sakinlərinin yaşadığı yer olduğunu və bundan qürur hissi keçirdiyini qeyd edir, bu şəxslərin və müvafiq təşkilatların Azərbaycan tarixi, irsi və mədəniyyəti barədə ictimai məlumatlandırmanın aparılmasında və işlərin görülməsində səylərini qiymətləndirir.

E.Adams müsəlman dünyasında ilk dəfə olaraq 1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını qeyd edir. Eyni zamanda sənəddə Azərbaycanın 1920-ci ildə müstəqilliyini itirdiyi, sonra SSRİ-nin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu diqqətə çatdırılır.

E.Adams Azərbaycanın son 29 il ərzində öz suverenliyini və müstəqilliyini möhkəmləndirdiyini və hazırda vacib əhəmiyyətli regionlardan olan Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı olduğu, ABŞ-ın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini vurğulayır.

Bəyannamədə Erik Adams 28 may tarixinin demokratiyanın göstəricisi olaraq Azərbaycan Milli Gününün qeyd edilməsi ilə əlaqədar ABŞ da daxil olmaqla, dünyada yaşayan milyonlarla azərbaycanlını təbrik edib.

Xatırladaq ki, Bruklində çoxlu sayda Azərbaycan əsilli insan, böyük yəhudi icması yaşayır. Həmçinin burada Qafqaz xalqlarının mədəniyyətini və musiqisini təbliğ edən “My Way” Uşaq və Gənclərin İnkişaf Mərkəzi fəaliyyət göstərir.