COVİD-19 pandemiyası ilə əlaqədar qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikası ilə Gürcüstan və Rusiya Federasiyası arasında müntəzəm sərnişin hava uçuşları və dəmir yolu sərnişindaşıması müvəqqəti dayandırıldığından vətəndaşların qəbulu məqsədilə xüsusi çarter reysləri və ölkələrin quru sərhədlərində yaradılan xüsusi keçiddən istifadə olunur.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Gürcüstandan ölkəmizə gəlmək istəyən vətəndaşların müraciətləri əsasında 176 nəfər soydaşımız Şıxlı sərhəd-nəzarət məntəqəsindən keçərək Vətənə qayıdıb.

Bununla yanaşı, Azərbaycan və Rusiya sərhədindəki Samur sərhəd-nəzarət məntəqəsi vasitəsilə ölkəmizə gəlmək istəyən 252 vətəndaşımızın da Azərbaycana qayıtması təmin edilib.

Sərhədi keçən vətəndaşlar Azərbaycanda tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq karantin zonalarında yerləşdirilirlər.

Xarici ölkələrdə olan və Azərbaycana gəlmək istəyən vətəndaşlarımızın geri qayıtması ilə əlaqədar koronavirus pandemiyası dövründə ardıcıl tədbirlər görülür.