Sərgi, təlim, təqdimat, mühazirə

Koronavirus pandemiyası cəmiyyəti yeni reallıqlarla üz-üzə qoyub. Ölkəmizdə də mədəniyyət ocaqları öz fəaliyyətini onlayn şəkildə davam etdirirlər. Paytaxtdakı qalereya və muzeylər də sosial şəbəkələrdə virtual təqdimatları ilə izləyicilərin diqqətini cəlb etməyə çalışırlar.

 

“Evdə qal – qalib gəl” layihəsində sərgi

 

Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal – qalib gəl” layihəsi çərçivəsində iyunun 26-da saat 18:00-da “Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” adlı virtual sərgi təşkil edəcək.

Sərgidə qalereyanın kolleksiyasından Azərbaycan rəssamlıq sənətinə böyük töhfələr verən sənətkarların müxtəlif üslub və texnikalarda işlədiyi əsərləri – Azərbaycan əsgərlərinin şücaətini düşmənlərimiz üçün gözdağı, xalqımız üçün isə fəxr və qürur mənbəyi olaraq təsvir edən rəsmlər virtual şəkildə nümayiş etdiriləcək.

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq, virtual sərgini izləməyə dəvət edir.

“Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ” adlı virtual sərgini qalereyanın “Facebook”, “İnstagram” hesabları vasitəsilə izləmək mümkün olacaq.

***

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Postpandemiya dövründə rəsm qalereyalarının fəaliyyətinin iqtisadi və strateji təhlili” mövzusunda təlim keçirilib. Təlim iqtisadçı mütəxəssis Tural Ağayev tərəfindən aparılıb.

Azərbaycan Dövlət Rəsm Qalereyasının “Facebook” səhifəsi üzərindən yayımlanan təlimə regionlarda fəaliyyət göstərən qalereyaların direktorları da qoşulub.

 

“Bir nömrəli eksponat”

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin “Musiqi muzeyinin arxivindən” layihəsində “Bir nömrəli eksponat” başlığı ilə maraqlı bir fakt təqdim olunub. Bildirilir ki, 1967-ci ildə yaradılan muzeydə hazırda 60 min eksponat var. Daxilolma kitabında ilk eksponat 2 noyabr 1967-ci il tarixində qeydiyyata alınıb. Bu eksponat görkəmli Azərbaycan bəstəkarı, dirijor Müslüm Maqomayevin (1885-1937) ötən əsrin 20–30-cu illərində Azərbaycan Radio Verilişləri İdarəsində Musiqi şöbəsinin müdiri vəzifəsində çalışarkən məşhur opera müğənnisi, Xalq artisti Məmmədtağı Bağırova (1890-1961) yazdığı məktubdur.

Məktubda deyilir: “Əziz M.Tağı! Sabah axşam radioda “Şah İsmayıl” operasından Vəzirin ariyasını, “Koroğludan” Xanın ariyasını ifa et. Notlarını gətir. Ödənişlə razılaşarıq – narazı salmam. Maqomayev”.

***

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin “Günay” uşaq teatrı ilə birgə layihəsi də maraqla qarşılanıb. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova bildirib ki, layihə uşaqlara Azərbaycanın mədəniyyətini daha yaxından tanımağa kömək edəcək.

Bələdçi uşaqlar öz həmyaşıdlarına muzeyin eksponatları haqqında məlumat verəcəklər. Muzeyə gələn uşaqlar eksponatların hekayətini öz həmyaşıdlarının dilindən öyrənəcəklər.

Bundan əlavə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orqan ifaçılığı kafedrasının müdiri, musiqişünas, Əməkdar incəsənət xadimi, professor Tahirə Yaqubova tərəfindən muzeyə 183 qrammofon valı hədiyyə edilib. Vallarda Azərbaycan xalq musiqisi, caz, estrada və klassik dünya bəstəkarlarının əsərləri yer alıb.

 

Onlayn mühazirələr

 

Azərbaycan Milli İncəsənət Muzeyi müxtəlif rubrikalarla virtual şəkildə sənət cərəyanları, üslubları haqqında bilgiləri evimizə gətirməyə (onlayn şəkildə) davam edir. Muzeyin sosial şəbəkə səhifələrində barokko – dünya incəsənət tarixinin ən “təmtəraqlı”, “qəliz”, “mürəkkəb” üslubu ilə bağlı məlumatlar yer alıb.

İlk olaraq öz əksini memarlıqda tapan bu üslub, daha sonra incəsənətin digər istiqamətlərinə sirayət edib. XVII əsrin sonu – XVIII əsrin əvvəllərində meydana gələn barokko üslubu “yöndəmsiz”, “qüsurlu”, “ifrat meyilli, “kələ-kötür mirvari” kimi tərcümə olunur. Bu üslubda yaradılan tablolar təmtəraqlılığı və əzəməti ilə izləyicini cəlb etməli, həyəcan, vahimə, eləcə də heyrət doğurmalı idi. Süjetlərdə daha çox mifoloji və dini mövzulara üstünlük verilirdi.

Eyni zamanda muzey öz eksponatları seriyasından Lorenso Bartolininin “Diz çökmüş qız”, Adil Kərimovun “Balerina Qəmər Almaszadənin portreti”, Elbəy Rzaquliyevin “Bakı. Xan sarayı” əsərlərini nümayiş etdirib.

Muzeydən Vəcihə Səmədova yaradıcılığı haqqında, “Heykəltaraşlıq təsviri sənətin növü kimi”, İtaliya incəsənəti, ilk heykəltəraş qadın Zivər Məmmədovanın həyat və yaradıcılığına həsr olunmuş mühazirələr də təqdim olunub.

***

Muzey Mərkəzində Datse Ştrausun Latviya Respublikasının 100 illik yubileyinə həsr olunan “Canlı miras” adlı fərdi sərgisindən fraqmentlər nümayiş olunub. Təqdim edilən əsərlər izləyicilər tərəfindən maraqla qarşılanıb.

 

Muzey əşyalarının bərpası canlı yayımda

 

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində isə Üzeyir Hacıbəylinin anası Şirin Əliverdibəyovaya məxsus milli toy geyiminin bərpası həyata keçirilib. Bərpa prosesi sosial şəbəkə vasitəsilə nümayiş olunub. Eksponat bərpa mərkəzinə Üzeyir Hacıbəylinin ev-muzeyi tərəfindən təqdim edilib.

Həmçinin Elmi Bərpa Mərkəzi Bərdə Tarix-Diyarşünaslıq Muzeyi, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi və Mingəçevir Şəhər Tarix Muzeyinin fondlarından bərpa və konservasiya etdiyi eksponatların bərpadan əvvəl və bərpadan sonrakı görünüşlərini əks etdirən fotoşəkillərdən ibarət onlayn sərgi təqdim edib.

Hazırladı: Lalə AZƏRİ