Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi pandemiya və xüsusi karantin səbəbindən ölkəyə qayıda bilməyən Özbəkistandakı vətəndaşlarımıza növbəti dəfə yardım edib.

Komitə tərəfindən Daşkəndin iki mehmanxanasında qalan 40 soydaşımıza 20 günlük mehmanxana pulu və ərzaq yardımı kimi Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinə  4 min 900 dollar məbləğində vəsait verilib.

Mərkəzin sədri Firdovsi Hüseynov bildirib ki, bundan əvvəl də Dövlət Komitəsi Özbəkistanda qalan soydaşlarımıza yardım edib. Belə ki, birinci dəfə 50 nəfərə ümumilikdə 1000, ikinci dəfə 90 soydaşımıza 7 min 200 dollar (hər adama 80 dollar) dəyərində pul verilib.

Mehmanxanada yaşayan soydaşlarımızdan Umud Təhməzov yardım üçün Azərbaycan dövlətinə minnətdarlıq edib. O deyib ki, bu ölkədə qalan soydaşlarımız Azərbaycanla Özbəkistan arasında uçuşların bərpa edilməsini və tezliklə vətənə qayıtmalarını arzulayırlar.